Bakı. Trend:
"Baku Harmoniya" təşəbbüsü üç əsas boşluğu aradan qaldırır.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova COP29 çərçivəsində keçirilən "Fermerlər üçün Baku Harmoniya iqlim təşəbbüsünün təqdimatı: İqlim dəyişikliyinə qarşı dayanıqlığın artırılması üçün fermerlərin imkanlarının genişləndirilməsi" mövzusunda tədbirdə çıxışı zamanı bildirib.
"Azərbaycanda biz artıq harmoniya prinsiplərini həyata keçiririk. Elektron platformalar və rəqəmsallaşma fermerlərin real vaxt rejimində məlumatlara və resurslara çıxışını inqilabi şəkildə dəyişir. Davam edən modernizasiya ilə biz bölgələrimizin dayanıqlılığını təmin etmək üçün suyun istifadəsini optimallaşdırırıq. Biz fermerlərə problem həll edən şəxslər kimi sərmayə qoyaraq, onlara təlim, alətlər və iqlimə dayanıqlı təcrübələrin tətbiqi üçün maliyyə stimulları təqdim edirik. Amma ən önəmlisi, biz inklüziv inkişafa sadiqik. Qadınların və gənclərin kənd təsərrüfatında rolunun genişləndirilməsindən tutmuş kənd icmalarının dəstəyinə qədər, əsl irəliləyişin heç kəsi kənarda qoymayan irəliləyiş olduğunu anlayırıq", - deyə İlhamə Qədimova bildirib.
Onun sözlərinə görə, "Baku Harmoniya" təşəbbüsü 3 əsas boşluğu aradan qaldırır:
1. Bilik mübadiləsi: Fermerlər çox vaxt ən yaxşı təcrübələrə və innovasiyalara çıxışda çətinlik çəkirlər. "Baku Harmoniya" platforması bilik mübadiləsinin mərkəzi olacaq və qlobal dərsləri yerli səviyyədə tətbiq olunmağa uyğunlaşdıracaq.
2. Maliyyə koordinasiyası: Mövcud maliyyə resurslarına baxmayaraq, bu resurslar çox vaxt parçalanmış olur. COP29-un FAST təşəbbüsü ilə əməkdaşlıq çərçivəsində əlavə resurslar və iqlim fondları axtarılır ki, bu da fermerlərə və kənd icmalarına yeni rəqəmsal texnologiyalara çıxışı sürətləndirməyə imkan verəcək. "Baku Harmoniya" təşəbbüsü FAST tərəfdaşlıq planına birbaşa töhfə verərək, mütəmadi təcrübə mübadiləsi və etimadın gücləndirilməsi üçün platforma olacaq.
3. Birgə fəaliyyətlər: Parçalanmış səylər əvəzinə, "Baku Harmoniya" sektoral və regional sərhədləri aşan əməkdaşlıqları təşviq edərək, ərzaq təhlükəsizliyi, su ehtiyatlarının qorunması və iqlim tədbirlərində irəliləyişi sürətləndirir.
İlhamə Qədimova vurğulayıb ki, bu təşəbbüs iqlim dayanıqlığını gücləndirmək üçün genişmiqyaslı və koordinasiyalı addımların vacibliyini bir daha göstərir.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.