Bakı. Trend:
Mali iqlim dəyişikliklərinə uyğunlaşmaq və onun təsirlərini azaltmaq üçün aktiv addımlar atır.
Trend xəbər verir ki, bunu Mali hökumətinin Dövlət Naziri və rəsmi nümayəndəsi Abdulaye Mayqa COP29 sammitində milli bəyanatla çıxışı zamanı bildirib.
O vurğulayıb ki, iqlim dəyişikliyi Maliyə xüsusilə ciddi təsir edir, çünki ölkənin böyük bir hissəsi səhralaşmaya məruz qalır. Davamlı daşqınlar və quraqlıqlar həm maddi, həm də insan itkilərinə səbəb olur və ərzaq təhlükəsizliyini təhdid edir.
"Biz təhdidin miqyasını anlayırıq və tədbirlər görməyə sadiqik. Ölkəmiz artıq genişmiqyaslı yaşıllaşdırma, deqradasiyaya uğramış torpaqların bərpası və günəş elektrik stansiyalarının tikintisini əhatə edən fəaliyyət planını həyata keçirir", - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, əsas təşəbbüslər arasında hər il 100 min hektar ərazinin yaşıllaşdırılması, Niger və Seneqal çaylarının reabilitasiyası, həmçinin 150 min hektar meşə sahəsinin yaradılması yer alır. Bərpa olunan enerji mənbələrinə keçid çərçivəsində 2024-cü ildə ümumi gücü 400 meqavat olan dörd günəş elektrik stansiyasının istifadəyə verilməsi planlaşdırılır. Bu, 2030-cu ilə qədər ölkənin ümumi enerji balansında yaşıl enerjinin payını 10 faizdən çox artıracaq.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.