Bakı. Trend:
COP29 imkanlarından tərəfdaşlığı gücləndirmək, zəruri resursları səfərbər etmək və effektiv həlləri həyata keçirmək üçün istifadə etmək lazımdır.
Trend xəbər verir ki, bunu Misirin kənd təsərrüfatı nazirinin müavini Adel Abdelazim "COP to COP - Aqrar-sənaye kompleksinin irsi: Qlobal iqlim hədəflərinə nail olmağın açarı" mövzusunda keçirilən tədbirdə bildirib.
"Biz beynəlxalq donorları və maliyyə qurumlarını dayanıqlı aqrar-ərzaq sistemi üçün investisiyaları əhəmiyyətli dərəcədə artırmağa çağırırıq. Gəlin, COP29 imkanlarından istifadə edərək tərəfdaşlığımızı gücləndirək, lazımi resursları səfərbər edək və effektiv həlləri həyata keçirək. Aqrar-ərzaq sistemimizin transformasiyası ümumi qlobal məsuliyyətdir. İqlim böhranı sərhəd tanımır, və bizim birgə həllərimiz də sərhəd tanımamalıdır.
Birlikdə cari və gələcək nəsillərin rifahını təmin edəcək iqlimə uyğun kənd təsərrüfatı inqilabına liderlik edə bilərik. Mən hər birinizi, ölkələrimiz üçün dayanıqlı gələcək yaratmaq üçün bizə qoşulmağa çağırıram", - deyə o vurğulayıb.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.