Bakı. Trend:
Bakının "Baku Harmoniya" iqlim təşəbbüsü fermerlər üçün iqlim və kənd təsərrüfatı layihələrinin mürəkkəb mənzərəsinə aydınlıq və əlaqəlilik gətirən həll yoludur.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova COP29 çərçivəsində keçirilən "Fermerlər üçün Baku Harmoniya iqlim təşəbbüsünün təqdimatı: İqlim dəyişikliyinə qarşı dayanıqlığın artırılması üçün fermerlərin imkanlarının genişləndirilməsi" mövzusunda tədbirdə çıxışı zamanı bildirib.
"Biz sürətlənən iqlim dəyişiklikləri və artan qlobal ərzaq təhlükəsizliyinin qeyri-sabitliyi qarşısında qərar nöqtəsindəyik. Sadə bir bənzətmə ilə başlamaq istəyirəm. Təsəvvür edin ki, siz bir fermersiniz və qeyri-müntəzəm yağıntılar, temperaturun yüksəlməsi və artan su çatışmazlığı ilə üzləşirsiniz. Siz bilirsiniz ki, texnologiyalar, maliyyə imkanları və tərəfdaşlıqlar kimi həll yolları mövcuddur, lakin bu həlləri çoxsaylı təşəbbüslər arasında tapmaq samanlıqda iynə axtarmağa bənzəyir. Məhz bu boşluğu "Baku Harmoniya" aradan qaldırmağı hədəfləyir.
Bakının "Baku Harmoniya" iqlim təşəbbüsü fermerlər üçün sadəcə növbəti təşəbbüs deyil. Bu, iqlim və kənd təsərrüfatı layihələrinin mürəkkəb mənzərəsinə əlaqəlilik və aydınlıq gətirən bir həlldir. Dünyada bu kimi 90-dan çox qlobal təşəbbüs mövcuddur və problem tədbirlərin olmamasında deyil, koordinasiyanın kifayət qədər olmamasındadır. "Baku Harmoniya" bu prosesin "dirijoru" kimi çıxış edərək, səyləri maksimum təsir üçün əlaqələndirir", - deyə nazir müavini bildirib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.