...

COP29 kiçik ada dövlətləri üçün ümid mənbəyi olmalıdır - Samoa nümayəndəsi

İqtisadiyyat Materials 19 Noyabr 2024 11:55 (UTC +04:00)
COP29 kiçik ada dövlətləri üçün ümid mənbəyi olmalıdır - Samoa nümayəndəsi
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Samoa İnkişaf etməkdə olan kiçik ada dövlətləri (SIDS) üçün iqlim tədbirlərinin maliyyələşdirilməsinin artırılmasına çağırır.

Trend xəbər verir ki, bunu Samoanın təbii sərvətlər və ətraf mühit naziri Toolesulusulu Sedrik Şuster COP29 çərçivəsində çıxışında deyib.

Kiçik Ada Dövlətləri Alyansı (AOSIS) adından çıxış edən nazir, iqlim dəyişikliyi ilə mübarizə üçün təcili və ədalətli tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

"İqlim dəyişikliyi uzaq gələcəyin təhlükəsi deyil; o, artıq buradadır: isti yay günləri, soyuq qışlar və dəniz səviyyəsinin yüksəlməsi bizim evlərimizi və dolanışıq vasitələrimizi təhdid edir", - deyə T.S.Şuster qeyd edib.

O, istixana qazı emissiyalarının dərhal azaldılmasının vacibliyini vurğulayıb və qalıq yanacaqlarla işləyən infrastruktura qlobal sərmayələrin insanlığın iqlim dəyişikliyi şəraitində sağ qalmasını təhlükəyə atdığını bildirib.

T.Şuster Paris Sazişi çərçivəsində iddialı Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) və qlobal dayanıqlığın artırılması üçün emissiyaların əhəmiyyətli dərəcədə azaldılmasının vacibliyini vurğulayıb.

O, SIDS-in üzləşdiyi problemləri - həssas iqtisadiyyat, məhdud resurslar və böyük dünya bazarlarından uzaq məsafəni xatırladaraq, yeni iqlim hədəflərinin müəyyən edilməsində bu amillərin nəzərə alınmasını tələb edib.

AOSIS-in COP29-da əsas tələbi Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) çərçivəsində SIDS üçün illik minimum 39 milyard dollar, az inkişaf etmiş ölkələr (LDC) üçün isə 220 milyard dollar ayrılmasıdır. Şuster COP26-da uyğunlaşma üçün maliyyələşdirmənin ikiqat artırılması ilə bağlı verilən vədlərin yavaş irəliləyişini tənqid edərək, həssas ölkələr üçün qrant maliyyələşdirilməsi tələb edib ki, bu ölkələr lazımi uyğunlaşma tədbirlərini həyata keçirə bilsinlər.

"Bu konfrans növbəti onillik üçün ümid yaradan bir tədbir olmalıdır", - deyə T.S.Şuster bildirib.

O, COP29 iştirakçılarını Paris Sazişi çərçivəsində verilmiş vədləri yerinə yetirməyə və iqlim risklərinə ən çox məruz qalan ölkələrin yaşaması üçün xüsusi diqqət yetirməyə çağırıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti