...

TDT iqlim dəyişikliklərinə dayanıqlı kəndlər üzrə Forum yaradacaq - Məcnun Məmmədov

İqtisadiyyat Materials 19 Noyabr 2024 13:41 (UTC +04:00)
TDT iqlim dəyişikliklərinə dayanıqlı kəndlər üzrə Forum yaradacaq - Məcnun Məmmədov
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatı (TDT) iqlim dəyişikliklərinə dayanıqlı kəndlər üzrə Forum yaradacaq.

Trend xəbər verir ki, bunu Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov COP29 çərçivəsində keçirilən "Qlobal məqsədlərdən yerli səviyyədə fəaliyyətə: Dayanıqlı aqrar-ərzaq sistemlərinin gücləndirilməsi üzrə regional təşəbbüslər" mövzusunda tədbirdə bildirib.

"Biz iqlim dəyişikliklərinə qarşı əlaqələndirilmiş tədbirlər üçün hökumətlərarası mexanizmlərin yaradılması və gücləndirilməsi istiqamətində addımlar atmalıyıq. Resursların effektiv koordinasiyası və bölüşdürülməsini təmin edəcək mandatı olan bir mexanizm zəruridir. Təşviq etməyi planlaşdırdığımız təşəbbüslərdən biri TDT-nin iqlim dəyişikliklərinə dayanıqlı kəndlər üzrə Forumunun yaradılmasıdır. Türk dövlətləri qlobal miqyasda böyük təsirə və iqtisadi gücə malikdir. TDT ilə əlaqələrin gücləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir", - deyə nazir vurğulayıb.

M. Məmmədovun sözlərinə görə, TDT-yə üzv ölkələr kənd təsərrüfatı sahəsində böyük iqtisadi potensiala malikdir.

"Kənd təsərrüfatı və ticarət bizim iqtisadiyyatımızın davamlı sahələridir və uzun və zəngin məşğulluq tarixinə malikdir. Lakin təəssüf ki, biomüxtəlifliyin itirilməsi, iqlim dəyişiklikləri, torpaqların deqradasiyası və su resurslarının çatışmazlığı aqrar-ərzaq sistemlərimizə ciddi təzyiqlər yaradır. Bu təzyiqlər hər il artır və aqrar-ərzaq sistemlərimizə mənfi təsirləri güclənir", - deyə o bildirib.

Nazir qeyd edib ki, təşkilat çərçivəsində kənd təsərrüfatı nazirlərinin platforması mövcuddur və burada biz effektiv əməkdaşlıq edərək qərarlar qəbul edirik.

"Bu dəfə Bakıda onlar iqlim dəyişikliklərinə dayanıqlı kəndlər üzrə Forumun yaradılmasını elan edəcəklər. Əminəm ki, bu təşəbbüs kənd rayonlarının inkişaf siyasətinə müsbət təsir göstərəcək və kənd icmalarımızın rifahına töhfə verəcək", - deyə Məcnun Məmmədov əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti