...

Yeni Zelandiya iqlim dəyişikliyinin nəticələri ilə mübarizə üçün əlavə vəsait ayıracaq - Nazir

Yaşıl iqtisadiyyat Materials 19 Noyabr 2024 16:35 (UTC +04:00)
Yeni Zelandiya iqlim dəyişikliyinin nəticələri ilə mübarizə üçün əlavə vəsait ayıracaq - Nazir
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

Yeni Zelandiya iqlim dəyişikliyinin yaratdığı itkilərə və zərərlərə cavab olaraq Qlobal Fonda əlavə 10 milyon ABŞ dolları ayırır.

Trend xəbər verir ki, bunu Yeni Zelandiyanın iqlim dəyişikliyi üzrə naziri Saymon Uotts COP29 çərçivəsində Bakıda keçirilən sammitdə milli bəyanatla çıxışı zamanı bildirib.

"Biz bu fondun ən çox zərər çəkmiş icmalara effektiv dəstək göstərməsini, onların iqlim təsirlərindən sonra bərpa olunmasına və daha dayanıqlı gələcək qurmasına kömək etməsini təmin etməyə çalışırıq", - deyə o qeyd edib.

Nazir əlavə edib ki, bundan əvvəl Yeni Zelandiya Sakit okean ölkələrinin iqlim dəyişikliyinə qarşı dayanıqlılığını gücləndirmək üçün yaradılmış Sakit okean Dayanıqlılıq Fondu üçün 20 milyon ABŞ dolları ayırıb.

"İqlim dəyişikliyi bütün ölkələr üçün ciddi bir çağırışdır, lakin Yeni Zelandiya öz iqlim hədəflərinə çatmaqda qərarlıdır və iqlim böhranının təsirini minimuma endirmək üçün töhfə verməyə hazırdır. Biz, xüsusilə Sakit okean regionundakı tərəfdaşlarımızla birlikdə onların iqlim prioritetlərini dəstəkləməkdən qürur duyuruq. Yeni Zelandiya “Country Flexible Finance” daxil olmaqla, tərəfdaşlara alınan vəsaitlərin istifadəsi istiqamətlərini müstəqil şəkildə müəyyən etməyə imkan verən innovativ iqlim maliyyələşdirmə yanaşmalarını tətbiq edir", - deyə S.Uotts bildirib.

Nazir əlavə edib ki, Yeni Zelandiya bərpa olunan enerji mənbələrinin inkişafını davam etdirir. Ölkədə artıq elektrik enerjisinin 85 faizi bərpa olunan mənbələrdən istehsal olunur və bu göstəricinin 2050-ci ilə qədər ikiqat artırılması planlaşdırılır.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti