...

Ərzaq istehsalını 50 faiz artırmaq lazımdır - FAO

İqtisadiyyat Materials 19 Noyabr 2024 18:18 (UTC +04:00)
Ərzaq istehsalını 50 faiz artırmaq lazımdır - FAO
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Ərzaq istehsalını hazırkı səviyyə ilə müqayisədə 50 faiz artırmaq lazımdır.

Trend xəbər verir ki, bunu FAO-nun Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Qutu "Su, enerji, qida və ekosistemlər üzrə regional əməkdaşlıq vasitəsilə iqlim fəaliyyətinin sürətləndirilməsi" adlı tədbirdə deyib.

"Biz bu çağırışların mərkəzində ərzaq və kənd təsərrüfatı olmaqla, indidən 2050-ci ilə qədər qarşılaşa biləcəyimiz beş təcili və bir-biri ilə əlaqəli böhranla üzləşirik.

Birincisi, ərzaq təhlükəsizliyi böhranı var. Hazırda 730 milyona yaxın insan aclıqdan əziyyət çəkir. 2050-ci ilə qədər dünya əhalisinin, demək olar ki, 10 milyarda çatacağı gözlənilir və biz hələ də ikinci Dayanıqlı İnkişaf Məqsədinə (DİM) nail olmaqdan uzağıq. Hər kəsi qidalandırmaq üçün ərzaq istehsalını indiki səviyyədən 50 faiz artırmaq lazımdır", - o bildirib.

Onun sözlərinə görə, ikincisi, iqlim böhranıdır. Kənd təsərrüfatı sistemləri iqlim dəyişikliyinə çox həssasdır, lakin onlar qlobal istixana qazı emissiyalarının təxminən 30 faizinə cavabdehdirlər.

"Üçüncüsü, su böhranı. Dünyada şirin suyun təxminən 70 faizi kənd təsərrüfatı ilə bağlı götürülür. Suvarma üçün su istehlakının 10 faiz artacağı, gələcəkdə isə bu göstəricinin 30 faizə qədər yüksələ biləcəyi gözlənilir ki, bu da əhəmiyyətli enerji xərcləri tələb edir.

Dördüncü böhran enerjidir. Kənd təsərrüfatı sistemləri istifadə olunan bütün enerjinin təxminən 30 faizini istehlak edir və qlobal enerji istehlakının 50 faizə qədər artacağı proqnozlaşdırılır. Və nəhayət, beşinci böhran təbiət böhranıdır. Kənd təsərrüfatı biomüxtəlifliyin itirilməsinin və torpaqların deqradasiyasının əhəmiyyətli faktorudur, baxmayaraq ki, onun davamlılığı sağlam ekosistemlərdən və münbit torpaqdan asılıdır", - o əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti