...

Kənd təsərrüfatının gələcəyi innovasiyalar, texnologiyalar və inklüzivliklə bağlıdır – Məcnun Məmmədov

Yaşıl iqtisadiyyat Materials 19 Noyabr 2024 17:38 (UTC +04:00)
Kənd təsərrüfatının gələcəyi innovasiyalar, texnologiyalar və inklüzivliklə bağlıdır – Məcnun Məmmədov
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Kənd təsərrüfatının gələcəyi innovasiyalar, texnologiyalar və inklüzivliklə bağlıdır

Trend xəbər verir ki, bunu Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Fermerlər üçün iqlim maliyyələşdirilməsinin artırılması: təsərrüfat təcrübəsi və konkret həllər" mövzusunda panel müzakirə zamanı bildirib.

"Azərbaycan hökuməti sürətlə dəyişən dünyada fermerlərimizin dəstəklənməsinə sadiqdir. Biz başa düşürük ki, kənd təsərrüfatının gələcəyi innovasiyalar, texnologiyalar və inklüzivliklə bağlıdır. Bu baxımdan, biz məhsuldarlığı optimallaşdıran, resursları qoruyan və iqlim dəyişikliklərinə davamlılığı artıran süni intellekt və rəqəmsal alətlər də daxil olmaqla, qabaqcıl texnologiyaların tətbiqinə kömək edən təşəbbüslərə üstünlük veririk. Bu nailiyyətlər yalnız məhsuldarlığın artırılması üçün deyil, həm də bu gün çox müzakirə olunan davamlı kənd təsərrüfatı təcrübələrinin təməlini yaratmaq üçün vacibdir.

Eyni zamanda, kənd təsərrüfatında real irəliləyiş insan kapitalına investisiyalardan asılıdır. Biz fermerlərimizi müasir kənd təsərrüfatı sahəsində uğur qazanmaq üçün lazım olan bilik və bacarıqlarla təmin etməyə çalışırıq. Bu, təlim proqramları, məsləhət xidmətləri və iqlimə davamlı təcrübələrlə bağlı mühüm məlumatlara çıxışı əhatə edir.

Xüsusi diqqət qadınların və gənclərin kənd təsərrüfatında imkanlarının artırılmasına yönəlib. Onların cəlb edilməsi yalnız ədalət məsələsi deyil, həm də bütün aqrar sektorun dayanıqlığı və dinamikası üçün strateji bir zərurətdir", - deyə nazir bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti