...

Eritreya iqlim dəyişikliyi ilə mübarizə üçün qlobal tədbirlərin gücləndirilməsinə çağırır

Yaşıl iqtisadiyyat Materials 19 Noyabr 2024 16:46 (UTC +04:00)
Eritreya iqlim dəyişikliyi ilə mübarizə üçün qlobal tədbirlərin gücləndirilməsinə çağırır
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

İqlim dəyişikliyi ilə mübarizə üçün qlobal səyləri gücləndirmək vacibdir.

Trend xəbər verir ki, bunu Eritreyanın torpaq, su resursları və ətraf mühit naziri Tesfay Sebhatu COP29 çərçivəsində Bakıda keçirilən sammitdə milli bəyanatla çıxışı zamanı bildirib.

"On illərdir ki, beynəlxalq ictimaiyyət həyat üçün təhlükə yaradan üçqat planetar böhranı diqqət mərkəzinə çəkib və effektiv həll yollarını axtarır. Bu məqsədlə müntəzəm və fövqəladə sammitlərin keçirilməsi, dövlət başçılarının, ekologiya alimlərinin, danışıqlar üzrə ekspertlərin, sosial aktivistlərin, biznesmenlərin və texnologiyalar sahəsində yenilikçilərin iştirakı zəruri olub", - deyə nazir qeyd edib.

T.Sebhatu bildirib ki, bu dövrdə planetin xilas edilməsi üçün səylərin koordinasiyasını gücləndirmək məqsədilə qlobal əməkdaşlığı təşviq edən çoxsaylı sənədlər, tövsiyələr və qətnamələr qəbul edilib. Bu təşəbbüslər çərçivəsində iqlim tədbirlərinin gücləndirilməsi, tədqiqat və inkişafın sürətləndirilməsi, texnologiyaların ötürülməsi və həssas ölkələrə yardım üçün maliyyə vəsaitlərinin səfərbər edilməsi çağırışları səsləndirilib.

Onun sözlərinə görə, iqlim dəyişikliklərinin əsas mənbəyi olan emissiyaların azaldılması istiqamətində atılan addımlar hələ də Paris Sazişinin hədəflərindən və elmi tövsiyələrdən uzaqdır.

Nazir əlavə edib ki, iqlim maliyyələşdirilməsinin səfərbər edilməsi, xüsusən adaptasiya üçün tələb olunan vəsaitlərin təmin edilməsi ciddi bir problem olaraq qalır.

"Bu gün biz Bakıda COP29 çərçivəsində yaxın keçmişdə minlərlə insanın həyatına son qoyan və onların dolanışıq vasitələrini məhv edən iqlim fəlakətlərinin xatirələri ilə toplaşmışıq. Atmosferdə istixana qazlarının rekord konsentrasiyaları və qlobal orta temperaturun artımı da bu il qeydə alınıb. Təəssüf ki, 2030-cu il üçün qlobal iqlim tədbirləri planları gözlənilən hədəflərə çatmayacaq kimi görünür", - deyə Tesfay Sebhatu vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti