Bakı. Trend:
"Baku Harmoniya" təşəbbüsü FAST tərəfdaşlığı üçün vacib bir əlavədir.
Trend xəbər verir ki, bunu Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov COP29 çərçivəsində keçirilən "Dayanıqlı transformasiya üçün ərzaq və kənd təsərrüfatı" (FAST) tərəfdaşlığının Nazirlər Görüşündə bildirib.
Nazir vurğulayıb ki, FAST iqlim dəyişikliklərinə qarşı ən həssas olan kiçik fermerlər və kənd icmalarını dəstəkləmək üçün maliyyə resurslarının səfərbər edilməsinə yönəlmiş mühüm platformadır.
"FAST vasitəsilə aqrar-ərzaq sistemlərində iqlim həllərinin yalnız nəticəyönümlü deyil, həm də inklüziv olması üçün vahid yanaşma yaradırıq. Bu gün isə COP29 çərçivəsində fermerlər üçün Bakının "Baku Harmoniya" iqlim təşəbbüsünü fəxrlə təqdim etdik ki, bu da iqlim çağırışlarının həllinə və kənd təsərrüfatı icmalarının dayanıqlılığının artırılmasına olan sadiqliyimizi nümayiş etdirir", - deyə M.Məmmədov bildirib.
Nazir qeyd edib ki, "Baku Harmoniya" təşəbbüsünün məqsədi mövcud təşəbbüslərin əlaqələndirilməsini təmin edən yeni əməkdaşlıq yolunun yaradılmasıdır.
"Biz "Baku Harmoniya" təşəbbüsünü FAST tərəfdaşlığı üçün vacib əlavə olaraq görürük. Bu platforma iqlim maliyyələşdirilməsini kənd icmalarının dayanıqlılığını artırmaq üçün daha əlçatan və effektiv edir”, - deyə M.Məmmədov vurğulayıb.
Onun sözlərinə görə, hər bir COP çərçivəsində tərəflər əvvəlki öhdəliklərini inkişaf etdirir və keçmiş təşəbbüslərin təcrübələrini öyrənir.
"Baku Harmoniya" iqlim maliyyələşdirilməsi sahəsində təşəbbüslərin maksimal effekt əldə etməsi və təkrarlanmanın qarşısının alınması üçün yalnız birgə fəaliyyət deyil, həm də koordinasiya olunmuş iş üçün xüsusi platformaya çevriləcək", - deyə nazir əlavə edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.