Bakı. Trend:
Koreya 2035-ci ilə qədər elmi məlumatlara əsaslanan, real və iqtisadi cəhətdən səmərəli yenilənmiş Milli Səviyyədə Müəyyən Edilmiş Töhfə (NDC) hazırlayacaq.
Trend xəbər verir ki, bunu Koreyanın ətraf mühitin mühafizəsi naziri VangSap Kim COP29 sammitində çıxışı zamanı bildirib.
Nazir əlavə edib ki, bu məqsədlə müxtəlif maraqlı tərəflər, vətəndaş cəmiyyəti və parlamentlə məsləhətləşmələr aparılır.
"Biz iqlim böhranına qarşı mübarizə aparmaq üçün ikitərəfli və çoxtərəfli əməkdaşlıq çərçivəsində könüllü və kollektiv səylərimizi artırmağa davam edirik", - deyə o vurğulayıb.
Nazir qeyd edib ki, Koreya dayanıqlı inkişaf və iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində yaşıl layihələrin maliyyələşdirilməsi mexanizmlərini gücləndirmək və iqlim şəffaflığını artırmaq üçün beynəlxalq təşkilatlar və ölkələrlə əməkdaşlığı davam etdirəcək.
"İstixana qazı emissiyalarının 2018-ci ildəki pik həddindən bəri Koreya bu göstəriciləri ardıcıl olaraq azaldır. Xüsusilə ölkə karbon neytral enerji mənbələrini, o cümlədən, bərpa olunan enerji və nüvə enerjisini fəal şəkildə inkişaf etdirir, istehsal proseslərini təkmilləşdirir və sıfır emissiyalı nəqliyyat vasitələrinin sayını artırır", - deyə nazir bildirib.
Onun sözlərinə görə, bu tədbirlər nəticəsində istixana qazı emissiyaları 2018-ci il səviyyəsinə nisbətən 13,9 faiz azalıb və bu azalma ardıcıl 2 il ərzində qeydə alınıb.
"Koreyanın 2015-ci ildə tətbiq etdiyi emissiya ticarət sistemi (ETS) bu prosesdə əsas rol oynayıb. 2024-cü ildə sistemin tətbiqindən 10 il ötəcək və bununla əlaqədar olaraq, bazar funksiyasının gücləndirilməsi və hərracların payının artırılması planlaşdırılır ki, bu da emissiyaların daha da azaldılmasına töhfə verəcək", - deyə o əlavə edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.