...

Estoniya 2030-cu ilə qədər ölkənin enerji tələbatını tamamilə bərpa olunan enerji ilə ödəməyi hədəfləyir – Yoko Alender

Yaşıl iqtisadiyyat Materials 19 Noyabr 2024 17:28 (UTC +04:00)
Estoniya 2030-cu ilə qədər ölkənin enerji tələbatını tamamilə bərpa olunan enerji ilə ödəməyi hədəfləyir – Yoko Alender
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

Estoniya 2030-cu ilə qədər ölkənin istehlak etdiyi qədər bərpa olunan enerji istehsal etməyi qarşısına məqsəd qoyub.

Trend xəbər verir ki, bunu Estoniyanın iqlim naziri Yoko Alender COP29 sammitində çıxışı zamanı bildirib.

"Bu, Estoniyanın təmiz və dayanıqlı gələcəyə olan sadiqliyini əks etdirir. Ölçülərimizin kiçik olmasına baxmayaraq, Estoniya enerji balansında bərpa olunan enerji payına görə Aİ-nin dörd lider ölkəsindən biridir. Hədəfimiz - ölkənin enerji tələbatını tamamilə bərpa olunan enerji ilə ödəməkdir. Bu, bizim təmiz və dayanıqlı gələcəyə olan bağlılığımızı göstərir", - deyə o vurğulayıb.

Nazir beynəlxalq ictimaiyyətin iqlim dəyişikliklərinə qarşı mübarizədə daha iddialı olmasının vacibliyini qeyd edib.

"İsti dalğalarının, daşqınların və meşə yanğınlarının artması, iqlim böhranının cəmiyyətlərə, iqtisadiyyatlara və təbiətə vurduğu zərərin bariz göstəricisidir. Biz qətiyyətlə və təcili şəkildə hərəkət etməliyik", - deyə nazir bildirib.

Yoko Alender, həmçinin, qlobal miqyasda qalıq yanacaqsız iqtisadiyyata keçidin, ekosistemlərin bərpasının və biomüxtəlifliyin qorunmasının əhəmiyyətini vurğulayıb.

"İstixana qazı tullantılarının əhəmiyyətli dərəcədə azaldılması üçün həll yolları artıq mövcuddur və biz bu həlləri tətbiq etməliyik. Övladlarımızın gələcəyi bundan asılıdır", - deyə o əlavə edib.

Nazir iqlim maliyyələşməsi mövzusuna toxunaraq, Avropa İttifaqının və onun üzv ölkələrinin bu sahədə ən böyük donorlar arasında olduğunu, xüsusilə də həssas ölkələrin iqlim dəyişikliklərinə uyğunlaşmasına böyük diqqət yetirildiyini qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti