Bakı. Trend:
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi fermerlərin daha dayanıqlı və effektiv təsərrüfat üsullarına keçidini dəstəkləmək üçün bir sıra əsas mexanizmlər hazırlayıb.
Trend xəbər verir ki, bunu Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov "Aqrar-ərzaq sisteminin transformasiyasının maliyyələşdirilməsi" mövzusunda keçirilən panel müzakirədə bildirib.
"Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi fermerlərin daha dayanıqlı və effektiv təsərrüfat üsullarına keçidini dəstəkləmək üçün bir sıra əsas mexanizmlər hazırlayıb. Bizim subsidiyalar, güzəştli kreditlər və qrantlar təqdim etmək üçün alətlərimiz mövcuddur ki, bu da fermerlərə təsərrüfatlarını modernləşdirməyə kömək edir. Bu maliyyə alətləri yeni avadanlıqların alınması, ekoloji təmiz təcrübələrin tətbiqi və müasir suvarma sistemlərindən istifadəyə imkan yaradır.
Həmçinin əlavə müdafiə üçün biz fermerlərə quraqlıq və daşqın kimi iqlim risklərindən qorunmaqda kömək edən Aqrar Sığorta Fondu vasitəsilə dəstək göstəririk. Bu kompleks yanaşma fermerlərimizin yalnız zəruri vasitələrlə təmin olunmasını deyil, həm də iqlim dəyişikliklərinin artan qeyri-sabitliyindən qorunmasını təmin edir", - deyə o qeyd edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.