Bakı. Trend:
Rumıniya iqlim dəyişikliyi ilə mübarizə üçün zəruri tədbirlərin həyata keçirilməsinə sadiqdir.
Trend xəbər verir ki, bunu Rumıniyanın ətraf mühit, su ehtiyatları və meşələr naziri Mirça Feşet COP29 sammitində milli bəyanatla çıxışı zamanı bildirib.
"Rumıniya, Avropa İttifaqının bütün üzv ölkələri ilə birlikdə, istər istixana qazı emissiyalarının azaldılması, istərsə də onun mənfi təsirlərinə uyğunlaşma baxımından iqlim dəyişikliyi ilə mübarizə üçün zəruri tədbirlərin həyata keçirilməsinə tam sadiqdir", - deyə o vurğulayıb.
Nazir Rumıniyanın uzunmüddətli iqlim neytrallığına nail olmaq strategiyası və 2030-cu il üçün Aİ-nin milli hədəflərinə uyğun olaraq neytrallıq yolunu təmin edən sektoral tədbirləri əhatə edən Milli Enerji və İqlim Planı haqqında məlumat verib.
M.Feşet həmçinin, Rumıniyanın yeni milli iqlim dəyişikliyinə uyğunlaşma strategiyasının qəbul edildiyini bildirib.
"Bu yay biz 13 iqtisadi və sosial sektor üçün konkret tədbirləri əhatə edən fəaliyyət planı ilə birlikdə yeni uyğunlaşma strategiyasını təsdiqlədik", - o qeyd edib.
Nazir ölkənin üzləşdiyi çağırışları, o cümlədən maliyyə çətinliklərini qəbul edən nazir beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb.
"COP29-da NCQG ilə bağlı danışıqlar çətin keçir və mövcud qlobal gərginliyi əks etdirir, lakin bu, həmçinin, Paris Sazişi hədəflərinə nail olmaq üçün kifayət qədər resursların səfərbər edilməsinə imkan yaradan beynəlxalq əməkdaşlıq üçün fürsətlər təqdim edir", - M.Feşet deyib.
Nazir iqlim hədəflərinə nail olmaq üçün bütün sektorların iştirakının vacibliyini qeyd edərək bildirib ki, bütün maraqlı tərəflərin iştirakı iqlim hədəflərimizin həyata keçirilməsi üçün həlledici əhəmiyyətə malikdir.
O, Rumıniyanın enerji, nəqliyyat və sənayenin dekarbonizasiyası sahələrində özəl sektorla tərəfdaşlığın inkişafına xüsusi diqqət yetirdiyini vurğulayıb.
"Hazırda Rumıniyada enerji, nəqliyyat və sənayenin dekarbonizasiyası sahələrində özəl sektorla tərəfdaşlıqlara böyük əhəmiyyət veririk", - deyə M.Feşet çıxışını yekunlaşdırıb.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.