Bakı. Trend:
İqlim dəyişikliyi artıq baş verib. Onun təsirləri bütün dünya üzərindəki icmalar tərəfindən daha intensivliklə hiss olunur və daha çox insanın həyatını itirməsinə səbəb olur.
Trend xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini, COP29 baş danışıqçısı Yalçın Rəfiyev “COP29-da uyğunlaşma fəaliyyətinin sürətləndirilməsi: milli uyğunlaşma planlarının formalaşdırılması və həyata keçirilməsi üzrə irəliləyiş” adlı iclasda çıxışı zamanı deyib.
O qeyd edib ki, dəniz səviyyəsinin yüksəlməsindən tutmuş ekstremal hava hadisələri, quraqlıq və daşqınlara qədər çətinliklər çox böyükdür.
“Uyğunlaşma artıq istəyə bağlı deyil, bizim təcrübələrimizdən biridir. Qlobal Fond bizim uyğunlaşma səylərimizdə geri qaldığımızı vurğulayır. Ona görə də uyğunlaşmanın irəliyə doğru getməsi üçün siyasi iradəmizə ehtiyacı var. Biz sürətlə hərəkət etməliyik və hamımızın uyğunlaşma səylərini sürətləndirmək üçün lazımi diqqət və dəstəyə ehtiyacı var.
Biz qlobal uyğunlaşmanın, o cümlədən qlobal iqlimə davamlılıq üçün Aİ çərçivəsinin həyata keçirilməsinə nail olmalıyıq. Milli uyğunlaşma planları uyğunlaşma və iqlim gündəliyimiz üçün mühüm əhəmiyyət kəsb edir”,- deyə o bildirib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.