...

Azərbaycan etibarlı iqlim maliyyələşdirilməsi sistemi yaratmağa çalışır

Yaşıl iqtisadiyyat Materials 19 Noyabr 2024 16:32 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan beynəlxalq tərəfdaşlarla birgə etibarlı iqlim maliyyələşdirilməsi sistemi yaratmaq məqsədini qarşısına qoyub.

Trend xəbər verir ki, bunu Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov COP29 çərçivəsində keçirilən "Aqrar-ərzaq sisteminin transformasiyasının maliyyələşdirilməsi" mövzusunda panel müzakirəsində bildirib.

"Bizim üçün iqlim maliyyələşdirilməsi yalnız vəsait demək deyil. Bu, əhalimizin ərzaqla təmin edilməsi və kənd icmaları üçün daha yaxşı imkanların yaradılmasıdır. Dayanıqlı kənd təsərrüfatına investisiya qoymaqla biz təbii resurslarımızı qoruyur və hamı üçün davamlı gələcək qururuq.

Biz başa düşürük ki, təkcə maliyyələşdirmə kifayət deyil. Tərəfdaşlıqlar, biliklər və ümumi sadiqlik də vacibdir. Beynəlxalq tərəfdaşlarımızla birgə biz fermerlərimizi həqiqətən dəstəkləyə biləcək etibarlı iqlim maliyyələşdirilməsi sistemi yaratmağa çalışırıq. Milli siyasətlərimizi qlobal iqlim maliyyələşdirilməsi mexanizmləri ilə uyğunlaşdıraraq, həm dövlət, həm də özəl kapitalı səfərbər edərək fermerlərimizin iqlim dəyişikliyinə uyğunlaşma problemlərini həll edə bilərik", - deyə E.Zeynalov vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti