Bakı. Trend:
Latviya iqlim neytrallığı yolunda qalmaq üçün iqlim siyasətini və qanunvericilik bazasını yeniləmək üzərində fəal işləyir.
Trend xəbər verir ki, bunu Latviya Respublikasının energetika və iqlim naziri Kaspars Melnis COP29 sammitində çıxışı zamanı bildirib.
Nazir sammitdə iqlim tədbirlərinin sürətləndirilməsinin zəruriliyi ilə bağlı çoxsaylı müzakirələrin aparıldığını qeyd edib və Latviyanın da qlobal iqlim problemlərinin həllinə töhfə verməyə hazır olduğunu vurğulayıb.
"Bu il Latviya İqlim Dəyişikliyi və Şəhərlər üzrə IPCC-nin ilk iclasına ev sahibliyi etməklə, İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) hesabatlarının əhəmiyyətini vurğuladı. Latviya, həmçinin, şəffaflıq üzrə ikiillik hesabatını vaxtında təqdim etməyi öhdəsinə götürür", - deyə o bildirib.
Nazir vurğulayıb ki, Latviya çoxölçülü həssaslıq indeksinin inkişafı üçün maliyyə dəstəyini fəal şəkildə dəstəkləyir, həmçinin, BMT-nin Mərkəzi Təcili Yardım Fondu və İtki və Zərər Fondu üçün töhfələr verib.
"Bizim yalnız bir planetimiz var və uşaqlarımızın gələcəyi naminə birlikdə işləməliyik", - deyə Kaspars Melnis çıxışını yekunlaşdırıb.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.