Bakı. Trend:
Azərbaycan Niderland Odlar Yurdu Cəmiyyətinin, Hollanda Azərbaycan Türk Kültür Dərnəyinin və Benilüks Azərbaycanlı Tələbə və Məzunları Birliyinin (AZSAB) təşkilatçılığı ilə Niderland Krallığının Haaqa şəhərindəki Vailantin teatrında 8 Noyabr – Zəfər Günü münasibətilə musiqili tədbir keçirilib.
Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, əvvəlcə Azərbaycan və Niderlandın Dövlət himnləri səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun qazandığı şanlı qələbədən danışılıb, zəfər salnaməsi xatırlanıb.
Tədbirdə, həmçinin Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi münasibətlə qədim Naxçıvan torpağının tarixi haqqında məlumat verilib, film göstərilib.
Bədii hissədə Niderland Krallığından olan, Almaniya və Azərbaycandan dəvət alan musiqiçilərin ifasında musiqi nömrələri təqdim edilib.
Azərbaycandan gələn xanəndə Nemətağa Əliyevin, yerli musiqiçilərdən Firəngiz Bağırovanın, Elcan Rzayevin, Emin Sadıqlının, Almaniyada fəaliyyət göstərən Qafqaz rəqs qrupunun və tədbirin ən kiçik iştirakçısı Əli Cəfərovun çıxışı böyük maraqla və sürəkli alqışlarla qarşılanıb.