Bakı. Trend:
ABŞ iqlim təsirlərinə dayanıqlığın artırılması üçün milyardlarla dollar sərmayə qoyub.
Trend xəbər verir ki, bunu ABŞ-nin Ətraf Mühitin Keyfiyyəti üzrə Ağ Ev Şurasının sədri Brenda Mellori COP29 çərçivəsində keçirilən mətbuat konfransında bildirib.
"Prezident Bayden vəzifəyə başladığı ilk günlərdən etibarən 2030-cu ilə qədər torpaq və su ehtiyatlarının ən azı 30 faizinin qorunmasını əsas məqsəd kimi müəyyənləşdirib. Mən qürurla deyə bilərəm ki, hazırda 45 milyon akrdan çox ərazi, o cümlədən Minnesota sərhəd suları, Alyaskadakı Bristol körfəzi və Floridadakı Everqleyz kimi ölkənin ən qiymətli yerləri qorunur.
"Amerikaya İnvestisiyalar" proqramı çərçivəsində biz, həmçinin, quraqlıqlara, daşqınlara və digər iqlim təsirlərinə qarşı icmalarımızı daha dayanıqlı etmək üçün, o cümlədən təbii həllər vasitəsilə on milyardlarla dollar sərmayə qoymuşuq", - deyə o bildirib.
B.Mellori xatırladıb ki, keçən il Dubayda keçirilən COP konfransında ABŞ 45 ölkə və Avropa İttifaqı ilə birgə qlobal şirin su proqramına qoşulub və dünya üzrə çayların və su-bataqlıq ərazilərinin qorunması və bərpası istiqamətində əməkdaşlıq edir.
O vaxtdan bəri ABŞ 2030-cu ilə qədər 8 milyon akr su-bataqlıq ərazisini və 100 min mil çay və dərələri qorumaq, bərpa etmək və birləşdirmək məqsədini qarşısına qoyub.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.