...

“SOCAR Green” və “PowerChina” şirkətləri arasında Anlaşma Memorandumu imzalandı

İqtisadiyyat Materials 19 Noyabr 2024 18:36 (UTC +04:00)
“SOCAR Green” və “PowerChina” şirkətləri arasında Anlaşma Memorandumu imzalandı
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

COP29 çərçivəsində noyabrın 19-da “SOCAR Green” və “PowerChina” şirkətləri arasında Azərbaycanda bərpa olunan enerji layihələrinin inkişafında birgə imkanların araşdırılması məqsədilə Anlaşma Memorandumu imzalanıb.

Trend xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Bildirilib ki, tərəflər arasında strateji tərəfdaşlıq Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı hədəflərinə töhfə vermək məqsədi daşıyır.

Memorandum günəş və külək elektrik stansiyalarının inşası, inteqrasiya olunmuş ağıllı enerji sistemləri, yaşıl hidrogen istehsalı ilə bağlı layihələrin qiymətləndirilməsi və sərmayə qoyuluşunda birgə səyləri nəzərdə tutur.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Xəbər lenti

Xəbər lenti