...

Kiçik ada dövlətləri COP29-da ümid tapır - Sent-Kits və Nevis

İqtisadiyyat Materials 19 Noyabr 2024 16:51 (UTC +04:00)
Kiçik ada dövlətləri COP29-da ümid tapır - Sent-Kits və Nevis
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

COP29 çərçivəsində keçirilən tədbirlərdə inkişaf etməkdə olan kiçik ada dövlətləri (SIDS) ümid tapdı.

Trend xəbər verir ki, bu barədə Sent-Kits və Nevisin Dayanıqlı İnkişaf, Ətraf Mühit və İqlim Dəyişikliyi üzrə naziri Coyel Trezia Klark Bakıda keçirilən sammitdə çıxışı zamanı bildirib.

Nazir iqlim dəyişikliklərinin SIDS üçün ciddi nəticələr doğurduğunu vurğulayıb.

"Son on ildə Karib hövzəsi və Latın Amerikasında iqlim dəyişiklikləri ilə bağlı təxminən 40 min insan həyatını itirib və iqtisadi itkilər 1,3 trilyon dollar təşkil edib. Ada sakinləri iqlim böhranının dəhşətli nəticələri ilə üzləşir və bu vəziyyətdən çıxış yolu üçün ümidlərini bu tədbirə bağlayır", - deyə Klark qeyd edib.

O, ölkəsinin qarşılaşdığı çətinlikləri belə təsvir edib: "Çəkilən dalğa torpaqlarımızı əlimizdən alır. Balıqçıların torlarında balıq yoxdur. Fermerlərin alətlərinin torpağı qazmağa gücü çatmır. Şiddətli yağış dayanmır".

Klark iqlim dəyişiklikləri ilə mübarizə üçün maliyyələşmədəki bərabərsizliyə diqqət çəkib.

"2023-cü ildə SIDS uyğunlaşma üçün qlobal maliyyələşmənin yalnız 0,2 faizini aldı. Haradadır həmrəylik? Haradadır ədalət? Bakı SIDS üçün yardım və nəticələrin sinoniminə çevrilməlidir", - deyə o vurğulayıb.

Nazir islahatlara çağıraraq, güzəştli maliyyələşmə, tam funksional zərər və itkilərin ödənilməsi fondu və iqlim siyasətində hesabatlılıq tələb edib.

C.T.Klark Sent-Kits və Nevisin enerjinin dekarbonizasiyası, iqlimə dayanıqlı evlərin tikintisi və tərəfdaşlıqların qurulması yolu ilə dayanıqlı inkişaf məqsədlərinə çatmaq istəklərini qeyd edib.

O, Qlobal Ada Dayanıqlı İnkişaf Sammitinin keçirilməsi planlarını açıqlayıb və birgə səylərin vacibliyini vurğulayıb.

"Uşaqlarımız, yaşlılarımız, qadınlarımız, qızlarımız, yerli xalqlarımız, gənclərimiz daha yaxşısını haqq edir. Gəlin daha yaxşısına can ataq, kiçik addımlarla kifayətlənməyək. Bakı maliyyə məqsədlərinə birgə çatmaq üçün məkan olsun", - deyə Coyel Trezia Klark çıxışını tamamlayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti