Bakı. Trend:
2050-ci ilə qədər iqlim neytrallığı Avropa İttifaqının məqsədi olaraq qalır.
Trend xəbər verir ki, bunu Macarıstanın Energetika Nazirliyinin enerji və iqlim məsələləri üzrə dövlət katibi Attila Ştayner COP29-da Avropa İttifaqı adından çıxış edərkən deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı və onun 27 üzv ölkəsi iqlimlə bağlı öhdəliklərin şəffaf və iddialı şəkildə həyata keçirilməsinə çalışaraq qlobal iqlim siyasətində liderlik etməkdə davam edir.
"Biz artıq fəaliyyətsizliyin nəticələrini hiss edirik. İndi bütün ölkələrin balanslaşdırılmış həll yollarına nail olmaq üçün qüvvələrini birləşdirmək həmişəkindən daha vacibdir", - o bildirib.
A.Şteyner qeyd edib ki, Aİ qlobal istiləşmənin 1,5°C-ə qədər məhdudlaşdırılması da daxil olmaqla, Paris sazişində nəzərdə tutulan hədəflərə çatmağın vacibliyini vurğulayır.
"Əsas problemlərdən biri iqlim təşəbbüslərini həyata keçirmək üçün maliyyə resurslarının cəlb edilməsi, xüsusilə həssas ölkələrə dəstək olmaqdır. Təkcə dövlət vəsaitləri kifayət deyil, inkişaf etməkdə olan ölkələrin effektiv həll yollarına çıxışını təmin etmək üçün beynəlxalq karbon bazarlarından daha fəal istifadə etmək lazımdır", - o əlavə edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.