...

Səhiyyə naziri ÜST-nin Avropa üzrə regional direktoru ilə ikitərəfli əməkdaşlığı müzakirə edib (FOTO)

Cəmiyyət Materials 19 Noyabr 2024 12:07 (UTC +04:00)
Səhiyyə naziri ÜST-nin Avropa üzrə regional direktoru ilə ikitərəfli əməkdaşlığı müzakirə edib (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Azərbaycanın səhiyyə naziri Teymur Musayev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Henri Kluge ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, öz çıxışında səhiyyə naziri Azərbaycanın nüfuzlu səhiyyə qurumları, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı ilə qarşılıqlı əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb.

Bakıda keçirilən Qlobal İqlim Konfransının əhəmiyyətini vurğulayan Teymur Musayev Azərbaycanın İqlim və Sağlamlığın qorunması naminə Transformasiya Alyansına (ATACH) rəsmi olaraq qoşulduğunu və iki il ərzində Alyansın həmtəşkilatçısı qismində fəaliyyət göstərəcəyini qeyd edib:

“ATACH-nin həmsədri kimi Azərbaycan Respublikası iqlim dəyişikliklərinə davamlı və aşağıkarbonlu səhiyyə sistemlərinin qurulması üçün birgə səyləri təşviq edəcək”.

Sonda Azərbaycanın səhiyyə naziri ikitərəfli əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Öz növbəsində Hans Henri Kluge BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının yüksək səviyyədə təşkil olunduğunu qeyd edib:

“Azərbaycan hər zaman mühüm beynəlxalq tədbirləri ən yüksək səviyyədə təşkil edir və COP29 da istisna deyil”.

ÜST-nin Avropa üzrə regional direktoru COP29-da müzakirə olunan mövzuların aktuallığını vurğulayaraq, Tərəflər Konfransının qlobal ictimaiyyət üçün bir araya gələrək, praktiki həlləri müəyyən etməkdə mühüm fürsət olduğunu qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti