...

Qvineya 2030-cu ilə qədər elektrik enerjisinin 80 faizini bərpa olunan enerji mənbələrindən istehsal etməyi planlaşdırır - Nazir

Yaşıl iqtisadiyyat Materials 19 Noyabr 2024 12:58 (UTC +04:00)
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

Qvineya 2030-cu ilə qədər elektrik enerjisinin 80 faizini bərpa olunan enerji mənbələrindən istehsal etməyi hədəfləyir.

Trend xəbər verir ki, bunu Qvineyanın ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf naziri Cami Diallo COP29 sammitində milli bəyanatla çıxışı zamanı bildirib.

"Nisbətən kiçik istixana qazı emissiyalarına baxmayaraq, Qvineya 2024-cü ildə iqlim dəyişikliklərinin mənfi təsirlərindən yayına bilmədi. Bu il ölkədə baş verən daşqınlar və quraqlıqlar qlobal temperaturun artımını məhdudlaşdırmaq və iqlim təhlükəsinə dayanıqlılığı artırmaq üçün iddialı, əlaqələndirilmiş və inklüziv tədbirlərin təcili həyata keçirilməsinin vacibliyini bir daha vurğulayır", - deyə o qeyd edib.

Onun sözlərinə görə, Qvineya 2030-cu ilə qədər bir neçə strateji məqsəd qarşısına qoyub. Bunlara hidro- və günəş enerjisi mənbələrindən elektrik enerjisi istehsalının 80 faizə çatdırılması, adam başına odun istifadəsinin orta hesabla 50 faiz azaldılması, meşələrin qırılmasının və torpaqların deqradasiyasının qarşısının alınması, eləcə də quruda və dənizdə qorunan ərazilərin 30 faizə çatdırılması daxildir.

"Əlavə olaraq, Qvineya iqlim dəyişikliyi ilə mübarizə, su ehtiyatlarının qorunması və mavi iqtisadiyyatın dəstəklənməsi üçün özəl investisiyaların cəlb edilməsinə imkan verən mədən sənayesində könüllü karbon kreditləri bazarı yaratmağı planlaşdırır", - deyə nazir əlavə edib.

Nazir, həmçinin, ölkənin iki mühüm təşəbbüsü elan etdiyini vurğulayıb. Bu təşəbbüslər iqlim məqsədlərinə nail olunmasını sürətləndirəcək və qlobal dayanıqlı iqlim uğrunda mübarizəni gücləndirəcək.

"Birincisi, Qvineya, "Simandu" iri layihəsinin həyata keçirilməsi ilə qlobal dəmir filizi sənayesinin dekarbonizasiyasında əsas rol oynamağa hazırlaşır. Bu layihə dəmir filizinin emalı üçün daha az enerji tələb edəcək və mədən sənayesində emissiyaları əhəmiyyətli dərəcədə azaldacaq.

İkincisi, Qvineya Qərbi Afrikanın əsas çaylarının mənbəyi olan Futa-Calon massivinin bərpası üçün beynəlxalq koalisiyaya rəhbərlik edəcək. Bu ekosistem yerli icmaların dayanıqlığını təmin etmək və biomüxtəlifliyi qorumaq üçün təcili tədbirlərə ehtiyac duyur. Qvineya bu massivin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsi prosesinə start verib", - deyə Cami Diallo vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti