...

Andorra iqlim və şəffaflıq fəaliyyətinə sadiqdir - Nazir

Yaşıl iqtisadiyyat Materials 19 Noyabr 2024 12:24 (UTC +04:00)
Andorra iqlim və şəffaflıq fəaliyyətinə sadiqdir - Nazir
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

Andorra iqlim tədbirlərinə və şəffaflığa sadiqliyini davam etdirir.

Trend xəbər verir ki, bunu Andorranın Enerji Keçidi, Nəqliyyat və Mobillik məsələləri üzrə katibi David Forne Masoni COP29 sammitində milli bəyanatla çıxışı zamanı bildirib.

O qeyd edib ki, kiçik ölçüsünə baxmayaraq, Andorra iqlim dəyişikliyi ilə mübarizədə yüksək fəallıq nümayiş etdirir və şəffaflıq məsələlərində lider mövqe tutur.

"Andorra Paris Sazişi çərçivəsində ikiillik şəffaflıq hesabatını təqdim edən və tamamlayan ilk ölkə oldu. Bu addım təkcə bizim bu sahəyə sadiqliyimizi deyil, həm də dünya ictimaiyyəti qarşısında məsuliyyətimizi vurğulayır", - deyə Forne Masoni bildirib.

O, həmçinin, Andorranın COP29 çərçivəsində təqdim edilən Qlobal İqlim Şəffaflığı Bəyannaməsini dəstəklədiyini və digər ölkələri də bu nümunəni izləməyə çağırdığını vurğulayıb.

"Andorra 2035-ci ilə qədər emissiyaların azaldılması üzrə ambisiyalarını artırıb. Məqsəd qlobal temperatur artımını 1,5°C daxilində saxlamaqdır ki, bu da Paris Sazişi çərçivəsində götürülmüş öhdəliklərə uyğundur", - deyə o əlavə edib.

David Forne Masoni qeyd edib ki, dağlıq ölkə olaraq Andorra iqlim dəyişikliklərinə qarşı xüsusilə həssasdır.

"1959-cu ildən bəri Pireneylərdə orta temperatur iki dərəcə artıb, ötən qış isə bütün müşahidə tarixi ərzində ən isti qış oldu. Bu dəyişikliklər artıq turizm sektoruna, xüsusilə də xizək sənayesinə təsir göstərir," - deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti