...

COP29 çərçivəsində "COP-dan COP-a - Aqrar-sənaye kompleksinin irsi" mövzusunda tədbir keçirilib (FOTO)

Yaşıl iqtisadiyyat Materials 19 Noyabr 2024 12:11 (UTC +04:00)
COP29 çərçivəsində "COP-dan COP-a - Aqrar-sənaye kompleksinin irsi" mövzusunda tədbir keçirilib (FOTO)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

COP29 çərçivəsində "COP to COP - Aqrar-sənaye kompleksinin irsi: Qlobal iqlim hədəflərinə nail olmağın açarı" mövzusunda tədbir keçirilib.

Trend xəbər verir ki, Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxış edərək vurğulayıb ki, "Baku Harmoniya" təşəbbüslər arasında sinerji yaratmağa, əlaqələndirilmiş nəticələr əldə etməyə və maliyyə resurslarından daha səmərəli istifadə etməyə çağırır.

"Biz "Baku Harmoniya" təşəbbüsü ilə, COP29 sədrliyi altında bu əməkdaşlıq fürsətini davamlı bir irsə çevirmək niyyətindəyik. Beynəlxalq koordinasiyanın dərinləşdirilməsi ruhunda, davamlı transformasiya üçün Ərzaq və Kənd Təsərrüfatı üzrə Tərəfdaşlıq kimi bir çox qlobal səylər artıq "Baku Harmoniya" təşəbbüsünün hazırlanma mərhələsinə inteqrasiya olunub.

Buradakı məqsədimiz mövcud imkanları gücləndirmək və aqrar-ərzaq sektoru iştirakçılarının daha səmərəli fəaliyyət göstərməsinə imkan verəcək vaxtında və aktual məlumatlara artan tələbatı təmin etməkdir".

Əlavə olaraq Böyük Britaniyanın ətraf mühit naziri Meri Kriq tədbirdə çıxış edərək bildirib ki, Böyük Britaniya COP29 sədrliyinin "Baku Harmoniya" təşəbbüsünü alqışlayır.

"Biz sağlam və dayanıqlı ərzaq sistemlərinin yaradılması üçün zəruri şərt olan su təhlükəsizliyinin təmin olunmasına investisiya etməliyik. Bununla yanaşı, siyasətlərdə islahatlar aparmalı və subsidiyaları insanların, iqlimin və iqtisadiyyatların xeyrinə yönəltməliyik.

Hökumətlər hər il kənd təsərrüfatı və ərzaq sektoruna milyardlarla dollar dəstək ayırır. Lakin mövcud siyasətlərin çox vaxt ətraf mühitə zərər verən və hətta ərzaq və qidalanma təhlükəsizliyini, iqtisadi artımı və dolanışıq mənbələrini zəiflədə biləcək arzuolunmaz stimullar yaratdığına dair sübutlarımız var".

Öz növbəsində Dünya Kənd Forumu (World Rural Forum) nümayəndəsi Alberto Brox çıxış edərək bildirib ki, "Troyka" iqlim dəyişikliyinə uyğunlaşma və onun təsirlərinin azaldılması üçün həll yolları təklif edir.

"COP26-dan başlayaraq kənd təsərrüfatı iqlim gündəmində getdikcə daha mühüm yer tutur. Bu, COP28-də qəbul edilən BƏƏ-nin dayanıqlı kənd təsərrüfatı, dayanıqlı ərzaq sistemləri və iqlim tədbirləri üzrə Bəyannaməsi ilə daha da möhkəmləndirilib.

Troyka (COP28, COP29 və COP30) qlobal iqlim müzakirələrində ərzaq və kənd təsərrüfatı məsələlərinə artan diqqəti nümayiş etdirir. Bu dəyişiklik son dərəcə vacibdir, çünki kənd təsərrüfatı bir-biri ilə bağlı problemlərin həlli üçün unikal imkanlar təqdim edir. O, iqlim dəyişikliyinə uyğunlaşma və təsirlərin azaldılması üçün həll yolları təklif edir, dayanıqlığın artırılmasına, ərzaq təhlükəsizliyinin təmin olunmasına, torpaqların deqradasiyası və su çatışmazlığı problemlərinin həllinə töhfə verir", - deyə A.Brox vurğulayıb.

Daha sonra BƏƏ-nin İqlim Dəyişikliyi və Ətraf Mühit Naziri Amna Əl Dəhaq çıxış edərək bildirib ki, BƏƏ "Baku Harmoniya" təşəbbüsü və su gündəliyi üzrə işi davam etdirmək üçün COP30-u səbirsizliklə gözləyir.

"Biz indi milli və qlobal səviyyədə ərzaq sistemlərinin transformasiyasını sürətləndirməliyik. Tərəfdaşlıqlarımız, sərmayələrimiz və innovasiyalara sadiqliyimiz bu məqsədə çatmağa imkan verəcək. BƏƏ bu məsələni qlobal səviyyədə gündəmə gətirməyə davam etmək niyyətindədir və biz Azərbaycan sədrliyinin COP29 çərçivəsində başladığı "Baku Harmoniya" təşəbbüsünü alqışlayırıq. Bu, bu məsələnin hər bir iqlim konfransının gündəliyində nə qədər vacib olduğunu göstərir və biz COP30-da bu istiqamətdə işi davam etdirməyi səbirsizliklə gözləyirik", - deyə o qeyd edib.

Əlavə olaraq Qazaxıstanın kənd təsərrüfatı nazirinin müavini Yermek Kencexanuli deyib ki, Qazaxıstan "Baku Harmoniya" təşəbbüsünü və FAST tərəfdaşlığını fəal şəkildə dəstəkləyir.

"Baku Harmoniya" təşəbbüsü və FAST tərəfdaşlığı iqlim maliyyələşdirilməsini iqtisadiyyatımızın əsası olan aqrar-sənaye sektoruna cəlb etməyə yönəlib. Bu tədbirlər sayəsində bu il rekord səviyyədə taxıl məhsulu əldə etdik – 26 milyon ton, onun təxminən 20 milyon tonu buğda təşkil edir. Bu nəticələr ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və dəyişən iqlim şəraitinə uyğunlaşma yolunda mühüm addım oldu", - deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti