...

Cənubi Sudan COP29-da yeni iqlim hədəfinin təcili qəbulunu tələb edir

İqtisadiyyat Materials 19 Noyabr 2024 12:21 (UTC +04:00)
Cənubi Sudan COP29-da yeni iqlim hədəfinin təcili qəbulunu tələb edir
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Sudan iqlim dəyişikliyinə qarşı mübarizə üçün maliyyələşdirmənin yeni kollektiv kəmiyyət hədəfinin (NCQG) təcili müəyyən edilməsinə çağırır.

Trend xəbər verir ki, bunu Cənubi Sudanın ətraf mühit və meşə naziri Cozefin Nqoya COP29 sammitində çıxışı zamanı bildirib.

İqlim dəyişikliyinin ciddi təsirlərinə məruz qalan Cənubi Sudan adından çıxış edən nazir Nqoya, ölkədə quraqlıqlar, ekstremal istilər, qeyri-müntəzəm yağışlar və məhsul çatışmazlığı kimi dağıdıcı hadisələrdən bəhs edib. Bu vəziyyət, əhalinin 60 faizdən çoxunun ərzaq təhlükəsizliyindən məhrum olmasına səbəb olub.

"Üç milyondan çox insan iqlim fəlakətlərindən əziyyət çəkib, bu da daxili köçkünlüyə və dolanışıq vasitələrinin itirilməsinə səbəb olub", - deyə nazir C.Nqoya qeyd edib.

O, iqlim maliyyələşdirilməsi üçün yeni NCQG-nin müəyyən edilməsini təklif edərək, COP29-u maliyyələşdirmə həcmini trilyonlarla dollara artırmağa çağırıb.

Bundan əlavə, nazir maliyyə resurslarına çıxış şərtlərinin sadələşdirilməsinin vacibliyini qeyd edib ki, Cənubi Sudan kimi ən həssas ölkələr iqlim dəyişikliyinin nəticələri ilə mübarizə üçün lazım olan resursları əldə edə bilsin.

Nazir zərərçəkmiş ölkələr üçün kompensasiya mexanizmlərinin sürətlə tətbiq edilməsinin vacibliyini vurğulayıb.

"Zərər və itkilər Fondu təcili olaraq maliyyələşdirilməli və aktivləşdirilməlidir ki, bizim əhalimiz lazım olan yardımı ala bilsin", - deyə o əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti