Bakı. Trend:
"Troyka" iqlim dəyişikliyinə uyğunlaşma və onun təsirlərinin azaldılması üçün həll yolları təklif edir.
Trend xəbər verir ki, bunu Dünya Kənd Forumu (World Rural Forum) nümayəndəsi Alberto Brox "COP to COP - Aqrar-sənaye kompleksinin irsi: Qlobal iqlim hədəflərinə nail olmağın açarı" mövzusunda keçirilən tədbirdə bildirib.
"COP26-dan başlayaraq kənd təsərrüfatı iqlim gündəmində getdikcə daha mühüm yer tutur. Bu, COP28-də qəbul edilən BƏƏ-nin dayanıqlı kənd təsərrüfatı, dayanıqlı ərzaq sistemləri və iqlim tədbirləri üzrə Bəyannaməsi ilə daha da möhkəmləndirilib.
Troyka (COP28, COP29 və COP30) qlobal iqlim müzakirələrində ərzaq və kənd təsərrüfatı məsələlərinə artan diqqəti nümayiş etdirir. Bu dəyişiklik son dərəcə vacibdir, çünki kənd təsərrüfatı bir-biri ilə bağlı problemlərin həlli üçün unikal imkanlar təqdim edir. O, iqlim dəyişikliyinə uyğunlaşma və təsirlərin azaldılması üçün həll yolları təklif edir, dayanıqlığın artırılmasına, ərzaq təhlükəsizliyinin təmin olunmasına, torpaqların deqradasiyası və su çatışmazlığı problemlərinin həllinə töhfə verir", - deyə A.Brox vurğulayıb.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.