Bakı. Trend:
ABŞ və Azərbaycan yaşıl enerjinin inkişafı sahəsində etibarlı tərəfdaş ola bilər.
Trend xəbər verir ki, bunu ABŞ-nin kənd təsərrüfatı naziri Tom Vilsek COP29 çərçivəsində keçirilən mətbuat konfransında bildirib.
"Azərbaycan enerji istehsalçısıdır və düşünürəm ki, biz xüsusilə bərpa olunan enerji mənbələri hesabına enerji portfelinin şaxələndirilməsi istiqamətində davamlı səylər fonunda etibarlı tərəfdaş ola bilərik. ABŞ-də yaşıl enerji sahəsində əldə etdiyimiz çoxsaylı təcrübələr müzakirə və təcrübə mübadiləsi üçün əsas ola bilər", - deyə o əlavə edib.
T.Vilsek, həmçinin, Azərbaycanın Şərq ilə Qərb arasında ticarətdə oynadığı əsas roldan istifadə etmək üçün ABŞ-nin böyük imkanlara malik olduğunu vurğulayıb.
"Biz hər iki istiqamətdə malların sərbəst hərəkəti üçün şərait yaratmaq üzərində işləyə bilərik. Burada böyük perspektivlər və bazarlar mövcuddur və mənim fikrimcə, sizin ölkəniz Şərq ilə Qərbi birləşdirməkdə mühüm rol oynamağa qadirdir. Bu, mənim fikrimcə, böyük əhəmiyyət kəsb edən əsas sahələrdən biridir", - deyə o qeyd edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.