Bakı. Trend:
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) COP29 sədrliyi ilə fermerlər üçün "Baku Harmoniya" iqlim təşəbbüsünün uğurlu həyata keçirilməsi məqsədilə əməkdaşlığı davam etdirəcək.
Trend xəbər verir ki, bu barədə FAO-nun Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Qutsu COP29 çərçivəsində Bakıda keçirilən fermerlər üçün "Baku Harmoniya" iqlim təşəbbüsünün təqdimatı zamanı bildirib.
FAO nümayəndəsi qeyd edib ki, kiçik fermerlərin və istehsalçıların lazımi resurslar, potensial və dəstəklə təmin edilməsi üçün təcili addımlar atılmalıdır.
"Biz aqrar-ərzaq sistemlərimizi transformasiya etməli və edə bilərik ki, yoxsulluq və aclıqla mübarizə aparaq, planetimizi qoruyaq və hamı üçün daha parlaq və dayanıqlı bir gələcək təmin edək. Burada əsas söz birlikdə işləməkdir", - deyə o vurğulayıb.
Viorel Qutsunun sözlərinə görə, iqlim böhranı, qlobal ərzaq təhlükəsizliyinin çatışmazlığı və dayanıqsız aqrar-ərzaq sistemləri bir-biri ilə sıx əlaqəlidir.
"İqlim dəyişikliyi dünyada ərzaq təhlükəsizliyinin olmamasının əsas səbəblərindən biridir və təxminən 730 milyon insan hələ də aclıqdan əziyyət çəkir", - deyə o əlavə edib.
O vurğulayıb ki, aqrar-ərzaq sistemləri ərzaq təhlükəsizliyinin təmin olunmasında əsas rol oynayır və iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi, torpaqların deqradasiyası və su çatışmazlığı kimi problemlərin həllinə imkan yaradır. Son 10 il ərzində aqrar-ərzaq sistemlərinin inteqrasiyası, iqlim dəyişiklikləri və maliyyələşmə ilə bağlı təşəbbüslər, koalisiyalar, şəbəkələr, ittifaqlar və tərəfdaşlıqlar əhəmiyyətli dərəcədə inkişaf edib.
"Bu il burada, Bakıda, COP29 çərçivəsində "Baku Harmoniya" iqlim təşəbbüsünü təqdim edirik. Daha effektiv iqlim tədbirlərinin həyata keçirilməsi və aqrar-ərzaq sistemlərinin sürətlə transformasiyası üçün daha sıx koordinasiyaya ehtiyacımız var. Sevindirici haldır ki, bu təşəbbüsün ilk məqsədi koordinasiyanın yaxşılaşdırılması ilə bağlıdır. Biz həmçinin ümid edirik ki, COP sədrlikləri arasında əməkdaşlıq aqrar-ərzaq sektorunda gələcəkdə iqlim tədbirlərinin əlaqəliliyini və davamlılığını təmin edəcək", - deyə o bildirib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.