Bakı. Trend:
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürülməklə həyata keçirilməsi hallarının aradan qaldırılması məqsədilə nəzarət tədbirlərini davam etdirir.
Dövlət Vergi Xidmətindən Trend-ə bildirilib ki, son günlər ərzində Bakı şəhərində keçirilmiş nəzarət tədbirləri zamanı 200-dək belə obyektdə qanun pozuntularına yol verildiyi müəyyənləşdirilib. Qanun pozuntuları protokollaşdırılıb və müvafiq maliyyə sanksiyaları tətbiq olunub.
Dövlət Vergi Xidməti bir daha bildirir ki, nağdsız ödənişlərin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim olunmalıdır.
Mövcud qanunvericiliyə əsasən, istehlakçılara elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir. Sahibkarlar maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödəmələr zamanı POS-terminallardan istifadəni təmin etməlidirlər.