...

İrlandiya COP29-da Paris Sazişi öhdəliklərinin gücləndirilməsinə çağırır

İqtisadiyyat Materials 19 Noyabr 2024 16:10 (UTC +04:00)
İrlandiya COP29-da Paris Sazişi öhdəliklərinin gücləndirilməsinə çağırır
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

COP29 çərçivəsində Paris Sazişinə yeni dəstək təmin edilməlidir.

Trend xəbər verir ki, bunu İrlandiyanın ətraf mühit, iqlim və kommunikasiya naziri Eymon Rayan Bakıda COP29 çərçivəsində keçirilən sammitdə çıxışı zamanı bildirib.

E.Rayan iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərin davam etdirilməsinin təxirəsalınmaz olduğunu vurğulayıb.

O, qlobal temperaturun sənaye öncəsi dövrə nisbətdə 1,5°C artımını nəzərə alaraq, Paris Sazişinə sadiqliyin yenidən təsdiqlənməsinin vacibliyini qeyd edib.

Dünya liderləri və ekspertlər qarşısında çıxış edən E.Rayan artan iqlim böhranına qarşı mübarizə üçün çoxtərəfli dəstəyin əhəmiyyətini vurğulayıb.

"COP29-un uğuru təkcə iqlim dəyişikliyinin sürətli təsirlərini yumşaltmağa deyil, həm də hamı üçün davamlı inkişafı təmin edən yeni iqtisadiyyatın formalaşmasına kömək edəcək", - deyə nazir bildirib.

O bildirib ki, biz geri çəkilə bilmərik, qlobal əməkdaşlığa inamı bərpa edəcək hərəkətlərə fokuslanmalıyıq.

E.Rayan iqlim dəyişikliyinin artıq uzaq bir təhlükə olmadığını, əksinə, cari reallıq olduğunu vurğulayıb.

"İqlim dəyişikliyinin təsirləri artıq dünyada insanların həyatına, xüsusən də ən az məsuliyyət daşıyan, lakin ən çox zərər görən yoxsul və həssas ölkələrə təsir edir", - deyə o əlavə edib.

Nazir bildirib ki, İrlandiya da bu təsirləri hiss edib: temperaturun artması yağıntıların, daşqınların və sahil torpaqlarının eroziyasının çoxalmasına səbəb olub.

"Biz dəniz istilik dalğalarını və dəniz səviyyəsinin qalxmasını müşahidə edirik ki, bu da biomüxtəlifliyimizə və sahil infrastrukturumuza təhlükə yaradır", - deyə E.Rayan qeyd edib.

Nazir, həmçinin, Atlantik Okeanı meridional dövranının pozulması ehtimalı barədə xəbərdarlıq edib və bu prosesin İrlandiya üçün ciddi təhlükə olduğunu vurğulayıb. Bu çağırışlara cavab olaraq, İrlandiya 2030-cu ilə qədər istixana qazı emissiyalarını 51 faiz azaltmaq və 2050-ci ilə qədər karbon neytrallığına nail olmaq planlarına sadiqliyini təsdiqləyib.

E.Rayan, həmçinin, inkişaf etməkdə olan ölkələrə dəstək verərək, onların ekoloji təmiz iqtisadiyyatlara keçidi və iqlim dəyişikliyinə uyğunlaşması üçün etibarlı iqlim maliyyələşdirilməsinin əhəmiyyətini vurğulayıb.

"Afrika İttifaqının Bakıda keçirdiyi danışıqlarda səsləndirdiyi çağırışı dəstəkləyirik: "Biz yardımlardan yox, ədalətdən danışırıq. Maliyyələşdirmə ən çox ehtiyac olan yerlərə çatmalıdır", - deyə nazir bildirib.

Onun sözlərinə görə, İrlandiya 2025-ci ilə qədər iqlim maliyyələşdirilməsinə 225 milyon avro ayırmağı öhdəsinə götürüb ki, bu da əvvəlki göstəricidən 2 dəfə çoxdur.

"Biz bu keçid prosesində ən həssas ölkələrin kənarda qalmasına imkan verməyəcəyik", - deyə Eymon Rayan əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti