Bakı. Trend:
COP29 çərçivəsində "Dayanıqlı transformasiya üçün ərzaq və kənd təsərrüfatı" (FAST) tərəfdaşlığının Nazirlər Görüşü keçirilib.
Trend xəbər verir ki, Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov görüş zamanı bildirib ki, "Baku Harmoniya" Təşəbbüsü FAST tərəfdaşlığına mühüm əlavədir.
O qeyd edib ki, FAST kiçik fermerləri və iqlim dəyişikliyinə ən həssas olan kənd icmalarını dəstəkləmək üçün maliyyə resurslarını səfərbər etməklə kənd təsərrüfatında təcili problemlərin həllinə yönəlmiş mühüm platformadır.
"FAST vasitəsilə biz aqro-ərzaq sistemlərində iqlim həllərinin təkcə təsirli deyil, həm də əhatəli olmasını təmin etmək üçün vahid yanaşma yaradırıq. Və bu gün biz COP29-da Fermerlər üçün Bakı İqlim Təşəbbüsü, "Baku Harmoniya"ya start verdik və bu, iqlim problemlərinin həllinə və fermer icmalarının davamlılığının gücləndirilməsinə sadiqliyimizi nümayiş etdirdi", - o bildirib.
Nazir qeyd edib ki, “Baku Harmoniya” təşəbbüsünün məqsədi əməkdaşlıq üçün yeni yol yaratmaqdır ki, bu da mövcud təşəbbüslərin uyğunlaşdırılmasına kömək edir.
"Biz "Baku Harmoniya" təşəbbüsünü FAST tərəfdaşlığına mühüm əlavə, kənd icmalarının davamlılığını artırmaq üçün iqlim maliyyələşdirməsini daha əlçatan və effektiv edən birləşdirici platforma kimi görürük", - o bildirib.
Onun sözlərinə görə, hər COP zamanı tərəflər daha əvvəl götürülən öhdəlikləri inkişaf etdirir və keçmiş təşəbbüslərin təcrübəsini öyrənirlər.
Öz növbəsində, Yeni Zelandiyanın İqlim Dəyişikliyi üzrə səfiri Stüart Horn qeyd edib ki, Yeni Zelandiyanın FAST koordinasiya strukturu ilə əməkdaşlıq çərçivəsində hazırlanmış Azərbaycanın "Harmoniya" təşəbbüsünü dəstəkləyir.
"Biz bu işi FAST və COP-un sədrliyi ilə davam etdirməyi səbirsizliklə gözləyirik", - o əlavə edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.