Bakı. Trend:
COP29 çərçivəsində "Fermerlər üçün iqlim maliyyələşməsinin artırılması: fermalardakı təcrübə və konkret həllər" mövzusunda panel müzakirə keçirilib.
Trend xəbər verir ki, Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, kənd təsərrüfatının gələcəyi innovasiyalar, texnologiyalar və inklüzivliklə bağlıdır.
"Azərbaycan hökuməti sürətlə dəyişən dünyada fermerlərimizin dəstəklənməsinə sadiqdir. Biz başa düşürük ki, kənd təsərrüfatının gələcəyi innovasiyalar, texnologiyalar və inklüzivliklə bağlıdır. Bu baxımdan, biz məhsuldarlığı optimallaşdıran, resursları qoruyan və iqlim dəyişikliklərinə davamlılığı artıran süni intellekt və rəqəmsal alətlər də daxil olmaqla, qabaqcıl texnologiyaların tətbiqinə kömək edən təşəbbüslərə üstünlük veririk. Bu nailiyyətlər yalnız məhsuldarlığın artırılması üçün deyil, həm də bu gün çox müzakirə olunan davamlı kənd təsərrüfatı təcrübələrinin təməlini yaratmaq üçün vacibdir.
Eyni zamanda, kənd təsərrüfatında real irəliləyiş insan kapitalına investisiyalardan asılıdır. Biz fermerlərimizi müasir kənd təsərrüfatı sahəsində uğur qazanmaq üçün lazım olan bilik və bacarıqlarla təmin etməyə çalışırıq. Bu, təlim proqramları, məsləhət xidmətləri və iqlimə davamlı təcrübələrlə bağlı mühüm məlumatlara çıxışı əhatə edir.
Xüsusi diqqət qadınların və gənclərin kənd təsərrüfatında imkanlarının artırılmasına yönəlib. Onların cəlb edilməsi yalnız ədalət məsələsi deyil, həm də bütün aqrar sektorun dayanıqlığı və dinamikası üçün strateji bir zərurətdir", - deyə nazir bildirib.
O qeyd edib ki, "Harmoniya" təşəbbüsünün əsas prioritetlərindən biri COP ilə bağlı təşəbbüslər arasında qarşılıqlı əlaqələrin gücləndirilməsidir.
"İqlim dəyişiklikləri ilə mübarizə məqsədilə dünya fermerlərini "Harmoniya" təşəbbüsünə qoşulmağa dəvət edirəm. Bizim məqsədimiz fermerlərin, xüsusilə qadınların və gənclərin dəstəklənməsi, həll yollarının mübadiləsi və qlobal ərzaq təhlükəsizliyinə töhfə verməkdir. "Harmoniya" təşəbbüsü qlobal səviyyədə fermerləri dəstəkləməyə yönəlmiş bir platformadır.
Qarşılaşdığımız çağırışlar necə bir-biri ilə əlaqəlidirsə, həll yollarımız da bir o qədər əlaqəli olmalıdır. Kənd təsərrüfatını gücləndirmək üçün əməkdaşlığa fokuslanmalıyıq. "Harmoniya" təşəbbüsünün əsas prioritetlərindən biri COP ilə əlaqəli təşəbbüslər arasında qarşılıqlı əlaqələri gücləndirməkdir. Bununla yanaşı, iqlim, kənd təsərrüfatı və maliyyə arasında əlaqə yaradan bütün təşəbbüsləri "Harmoniya" platformasında görməkdən məmnun olacağıq.
İlk mərhələdə "Harmoniya" təşəbbüsü mövcud tərəfdaşlıqları, COP ilə əlaqəli son illərdəki təşəbbüsləri və əlavə layihələri sürətli təhlil etməklə fəaliyyətə başlayacaq. Əminik ki, bu təşəbbüs çərçivəsində birləşərək güclü bir şəbəkə formalaşdıracaq və iqlim qeyri-müəyyənliyinə baxmayaraq, fermerlərin uğur qazanmasını təmin edəcəyik. Sizləri əməkdaşlığa, ideya mübadiləsinə və kənd təsərrüfatının dayanıqlı gələcəyini yaratmaq üçün birgə işləməyə dəvət edirik", - deyə nazir vurğulayıb.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.