...

Azərbaycan qlobal neft bazarının tənzimlənməsində konstruktiv rol oynayır - OPEC-in baş katibi

İqtisadiyyat Materials 19 Noyabr 2024 19:49 (UTC +04:00)
Azərbaycan qlobal neft bazarının tənzimlənməsində konstruktiv rol oynayır - OPEC-in baş katibi
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

COP29 çərçivəsində energetika naziri Pərviz Şahbazovun Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays ilə görüşü olub.

Trend xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Baş katib Haysam Əl-Qays Azərbaycanın COP29 Sədrliyinə dəstəyini ifadə edib və COP çərçivəsində keçirilən tədbirlərdə iştirakından bəhs edib. Həmçinin Baş katib bildirib ki, Azərbaycan qlobal neft bazarının tənzimlənməsində konstruktiv rol oynayır.

Görüşdə enerji bazarındakı qlobal trendlər, neft sənayesinin perspektivləri, “təmiz enerji”yə nail olmaq üçün emissiyaların azaldılması və yeni texnologiyaların tətbiqinə investisiyaların əhəmiyyətindən danışılıb.

“OPEC plus” formatında təmsil olunan ölkələrin həyata keçirdiyi bərpa olunan enerji layihələrindən və bu əməkdaşlıq əlaqələrinin “yaşıl enerji” tərəfdaşlığına töhfələri nəzərdən keçirilib. Bu xüsusda, BƏƏ və Səudiyyə Ərəbistanının Azərbaycanda və Mərkəzi Asiya ölkələrində bərpa olunan enerji layihələrində iştirakı qeyd olunub.

Söhbət zamanı enerji bazarının sabitliyinin təmin olunmasında qarşılıqlı əməkdaşlığın əhəmiyyəti vurğulanıb və bu cür dialoqların davam etdirilməsinin vacibliyi ifadə edilib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Xəbər lenti

Xəbər lenti