Bakı. Trend:
İran nüvə silahı yaratmaq üçün lazım olan səviyyəyə qədər zənginləşdirilmiş uran ehtiyatını daha da artırıb.
Trend-in məlumatına görə, bu barədə "AP" agentliyi Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rüblük məxfi hesabatına istinadən xəbər verib.
Məlumata əsasən, 2024-cü ilin avqustunda əvvəlki hesabatdan bəri İran oktyabrın 26-na əlavə 17,6 kq 60% zənginləşdirilmiş uran hasil edib. Bu materialların ümumi həcmi hazırda 182,3 kq təşkil edir. Bildirilib ki, belə uran asanlıqla 90%-ə qədər zənginləşdirilə və nüvə silahının tərkib hissələrindən birinə çevrilə bilər.
Ümumi uran ehtiyatları eyni dövrdə 852,6 kq artaraq 6604 kq-a çatıb.
BAEA-nın hesablamalarına görə, 42 kq 60% zənginləşdirilmiş urandan zənginləşmə səviyyəsini 90%-ə çatdırdıqdan sonra nüvə yükü yaratmaq mümkündür.