...

Azercell Telesom Karyera Günləri proqramını həyata keçirir

Telekommunikasiya Materials 2 Noyabr 2007 16:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Cənubi Qafqaz regionunun ən böyük telekommunikasiya şirkəti olan "Azercell Telekom" BM-in rəqabətə davamlılığını təmin edən üstünlüklərindən biri savadlı, bacarıqlı və peşəkar kollektivə sahib olmasıdır. Şirkət bildirir ki, "Azercell"in bütün müvəffəqiyyətləri öz işçilərinin, onların səylərinin, işdə əldə etdirdikləri nailiyyətlər sayəsində mümkün olub.

Sayı 600 nəfərə yaxınlaşan "Azercell"lilər daima yenilik axtaran, inkişaf və fərqliliyə inanan, gənc və dinamik bir ailənin üzvləridir. "Azercell" yalnız hazırkı əməkdaşlarının deyil, gələcək işçilərinin də qayğısına qalır və gələcəkdə öz işçilərinə çevrilə biləcək gənclər üçün xüsusi "Gələcək Sənsən" adlı karyera günləri proqramını həyata keçirir.

Proqram çərçivəsində ölkənin bir çox ali təhsil ocaqlarının sonuncu kurs tələbələri, məzunları, magistr və aspirantları üçün karyera günləri tədbirini keçirən "Azercell Telekom" BM gələcəyini düşünən, uğurlu karyera qurmaq istəyən gəncləri şirkətlə yaxından tanış edib.

Tədbirdə çıxış edən "Azercell Telekom" BM-in baş müdiri A.Halim Ateş gənclərə şirkətin əldə etdiyi nailiyyətlər, gələcəyə baxışı haqda məlumat verib. Baş müdir böyük bir ailə olan "Azercell"də hər bir işçiyə fərdi yanaşıldığını, burada insan kapitalına böyük önəm verildiyini vurğulayıb. Tələbələrə öz karyera yolundan danışan Halim Ateş onları özünün 17 il öncəki durumuna bənzədib: "Onda mən də sizlər kimi universiteti bitirib həyata atılmaq üçün axtarışlar içindəydim. Türkiyədə Ankara Kollecini bitirdim, sonra isə iki universitetdə turizm və biznes administrasiyası üzrə təhsil aldım. 1996-cı ildən bir neçə bankda maliyyə və insan qaynaqları şöbəsində çalışdım. 1998-ci ildən "Turkcell"də insan qaynaqlarında işləməyə başladım. Sonra baş müdir köməkçisi qismində, qrupa daxil olan "Fintur"da çalışdım. 2004-cü ildə Moldovada, 2006-cı ilin aprelindən isə, Azərbaycana gəlmişəm".

Halim Ateşin dediyinə görə, adətən, baş müdirliyə maliyyə, texnik, yaxud satış şöbəsindən gəlirlər, insan qaynaqlarından yox: "Bu cür nümunələr çox azdır. Bunları özümü tərifləmək üçün demirəm. Bu, çox gözəl bir örnəkdir ki, sizlər də peşəkar həyatda addımlamağa başlayarkən, özünüz üçün limit qoymamalısınız. Hansı sahədə işləmək istəyirsinizsə, ora baş vurun. Görəcəksiniz ki, hədəf etdiyiniz nöqtələrə gəlib çıxmısınız. Çünki ən şanslı insan - həzz aldığı işdən pul qazanan insandır".

"Azercell Telekom" BM-in Azərbaycanın ən aparıcı şirkəti adlandıran Halim Ateş hazırda qeyri-neft sektorunda ən böyük vergi ödəyicisi olduqlarını xatırladaraq, indiyədək "Azercell"in Azərbaycanda rabitənin inkişafına 600 milyon dollara yaxın sərmayə qoyduğunu söyləyib.

"Əgər peşəkar və bacarıqlı işçilərimiz olmasaydı, bu cür zirvələrə çatmazdıq. Məhz onlar sayəsində 2 milyon 800 mindən çox abonentimizi qazanmışıq. İnsan qaynaqlarına çox böyük önəm verən "Azercell" şirkətinin gələcəyi məhz bacarıqlı gənclərdən asılıdır"-deyə Halim Ateş bildirib.

Karyera Günlərində "Azercell"in işçiləri bu layihənin məqsədi haqqında məlumat veriblər.

2006-cı ildə şirkət sırf öz işçilərinin inkişafına 600 min dollar xərcləyib. "Hay Group" beynəlxalq məsləhət şirkəti tərəfindən 2006-cı ilin sonunda keçirilən İşçi Məmnuniyyəti Sorğusunun nəticələrinə əsasən, işçilərin 92%-i "Azercell"də çalışmaqdan qürur duyduqlarını, 95%-i ailə üzvlərinə və dostlarına, iş yeri olaraq, "Azercell"i məsləhət gördüklərini, 85%-i inam və sabaha əminlik mühitində çalışdığını hesab edir.

"Azercell" MDB ölkələri arasında ilk və yeganə şirkətdir ki, öz əməkdaşlarının inkişafına diqqət ayırdığı üçün, "İnvestors in people" (İnsana sərmayə) beynəlxalq sertifikatına layiq görülüb.

"Azercell" 2005-ci ildən etibarən Karyera Günləri proqramını həyata keçirir və bu proqram sayəsində 30-dan çox məzun və tələbə şirkətdə işlə təmin olunub. Bu layihə şirkəti nəinki insan qaynaqları ilə təmin edir, həm də Azərbaycanda savadlı və bacarıqlı gənclər üçün karyera imkanı yaradır.

Xəbər lenti

Xəbər lenti