Azərbaycan, Bakı, 22 may / Trend , müxbir S.Babayeva/ Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Gürcüstanın Kommunikasiya üzrə Milli Komissiyası "GSM" tezliyinin bərabər paylanması haqqında protokol imzalayıb.
Rabitə Nazirliyinin Radiotezlik üzrə Dövlət İdarəsinnin məlumatına görə, aprelin sonlarında Dövlət İdarəsi əməkdaşlarının nümayəndə heyəti və Azərbaycanın "GSM" operatorlarının nümayəndələri Gürcüstana və Gürcüstanın Azərbaycanla sərhədyanı ərazilərinə səfər ediblər.
Görüşün əsas məqsədi sərhədyanı ərazilərdə "GSM" tezliklərinin toqquşması hallarını aradan qaldırmaq və bu ərazidə mobil rabitənin səmərəli işləməsini təmin etməkdir. Tərəflər "GSM" kanallarının birgə monitorinqini keçiriblər.
Azərbaycanda hazırda üç "GSM" operatoru fəaliyyət göstərir - "Azercell Telecom", "Azerfon" və "Bakcell".
Mobil rabitənin ölkədəki abonentlərinin ümumi sayı 4,4 mln. nəfəri ötür.