...

Rabitə Nazirliyi Azərbaycanda elektron ticarətin inkişafı üzrə plan hazırlayıb

Telekommunikasiya Materials 23 Dekabr 2008 20:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 dekabr/ Trend , müxbir S.Babayeva/ Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi İqtisadi İnkişaf Nazirliyi ilə birgə ölkədə elektron ticarətin inkişafı üzrə tədbirlər planı hazırlayıb, - rabitə nazirliyindən bildiriblər.

"Sənəd qarşıdakı illərdə e-ticarətin stimullaşdırılması və inkişafını nəzərdə tutur", - idarədən dəqiqləşdiriblər.

Rabitə Nazirliyindən vurğulayıblar ki, tədbirlər planına bu sahədəki təcrübənin öyrənilməsi və ölkədə tətbiqi, müvafiq təşkilatlarla birgə sahənin inkişafı ürə təkliflər paketinin hazırlanması daxildir.

Azərbaycanın Rabitə Nazirliyinin tədqiqatları ölkədə elektron ticarətin böyük inkişaf potensialını aşkar edib. İstehsalçılar ölkədə e-ticarətin inkişafında maraqlıdırlar. Lakin buna baxmayaraq, elektron mağazaların əksəriyyəti off-line rejimdə işləyir və Bakıda cəmləşib. Bundan başqa, onların bəziləri reklam xarakterlidir.  Mağazaların satış kataloqunu məişət texnikası, mobil telefonlar üçün aksesuarlar, kompüter avadanlığı, ofis ləvazimatları təşkil edir.

Nazirlikdə hesab edirlər ki, ölkədə elektron ticarətin böyük potensialına baxmayaraq, elektron imza, e-banklardan istifadə şəraitinin yoxluğu, zəif qanunverici baza, əhalidə kompüterlərin çatışmaması, kompüter savadsızlığı, keyfiyyətli proqram təminatı hazırlayan şirkət və mütəxəssislərin sayının az olması ilə əlaqədar, onun xidmətlərindən istifadə edənlərin faizi son dərəcə aşağıdır.

Ekspertlərin qiymətləndirmələrinə görə, 2011-ci ilədək ölkədə e-ticarət dövriyyəsi 300 mln. dolları ötə bilər.

Dekabrın əvvəlində Azərbaycanda ilk İnternet-ödəmə sistemi -Silverkey şirkətinin Azərbaycandakı nümayəndəliyi tərəfindən hazırlanmış GoldenPay sisteminin təqdimatı keçirilib.

Azərbaycan Respublikasının "Elektron ticarət haqqında" Qanunu ölkə prezidenti İlham Əliyev tərəfindən 2005-ci ilin mayında təsdiqlənib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti