...

Azərbaycanın IT şirkəti rabitə operatorları və internet-provayderlər üçün avtomatlaşdırılmış hesablama sistemini təqdim edib

Telekommunikasiya Materials 24 Aprel 2010 12:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın Maksoft IT şirkəti "Billing" avtomatlaşdırılmış hesablama sistemini (AHS) təqdim edib. Bu barədə Trend-ə Maksoft şirkətinin direktoru Sərdar Qurbanov bildirib.

Onun sözlərinə görə, "Billing" avtomatlaşdırılmış hesablama sistemi şirkətin öz istehsalıdır və rabitə operatorları və internet-servis-provayderlər üçün nəzərdə tutulub.

Sistem müştərilərə cari xidmətlə bağlı (pul köçürmələri, ödənişlərlə iş, şərti kreditləşmə, aylıq və növbədənkənar konsolidasiya olunmuş hesablar və onların çatdırılmasına nəzarət, xidmət yığımının dəyişdirilməsi) bütün funksiyaları təmin edir.

"Sistemdən istifadə zamanı əlavə proqram təminatının instalyasiyasına ehtiyac yoxdur. Abonent tərəfindən həyata keçirilən bütün əməliyyatlar məlumat bazasında qeydə alınır. Müştəri bu bazadan informasiyanı sistemdə avtorizasiya olunmaqla intenet-brauzer vasitəsilə əldə edə bilər. Sistem PostgreSQL serverinə əsaslanır ki, Microsoft SQL Server və Oracle SQL-dən fərqli olaraq, bu, trafikin artırılması zamanı əlavə lisenziya tələb etmir və xeyli ucuz başa gəlir", - Qurbanov deyib.

Sistemin əsas üstünlüyü onun çevik olması və istənilən sahəyə tətbiqinin mümkünlüyüdür. Zərurət yarandıqda sistem yeni modullar əlavə olunmaqla genişlənir. Hazırda sistem Azərbaycanın ən iri telekommunikasiya operatorlarının biri tərəfindən tətbiq olunub.

Xəbər lenti

Xəbər lenti