Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir H.Vəliyev/
2011-ci ildə Azərbaycanın mobil rabitə opretoru Azerfon-un şəbəkəsindən Bakı Metropoliteninin bütün stansiyalarında istifadə etmək mümkün olacaq. Bu barədə şənbə günü şirkətin korporativ məhsullar üzrə meneceri Həsən Əsgərov deyib.
Onun sözlərinə görə, yeraltı nəqliyyatı keyfiyyətli rabitə xidmətləri ilə əhatə etmək üçün xeyli investisiya tələb olunur.
"Bu layihə üzrə işlərin gələn ildən etibarən başlanması planlaşdırılır ki, bu da Bakı Metropoliteninin daha bir neçə stansiyasını mobil rabitə xidmətləri ilə əhatə etməyə imkan verəcək", - Əsgərov qeyd edib.
Hazırda Azerfon-un şəbəkəsindən Bakı Metropoliteninin bir neçə stansiyasında istifadə etmək mümkündür. Şirkət gələcəkdə rabitə xidmətlərini daha keyfiyyətli səviyyədə təqdim etməyə imkan verəcək daxili qurğulardan istifadə etmək niyyətindədir.
Yeraltı nəqliyyatda rabitə xidmətlərinin təşkili şirkət üçün maraq doğurur. Belə ki, nəqliyyatın bu növündən hər gün 600 mindən çox sərnişin istifadə edir.