Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir H.Vəliyev/
Azərbaycanın ilkin provayderi "Delta Telecom" "Facebook" sosial şəbəkəsində WiMAX standartına əsaslanan məhsul və xidmətlərin təbliğinə başlayıb. Bu barədə çərşənbə günü təşkilatın rəsmi saytında dərc edilən məlumatda deyilir.
Delta Telecom-un populyar sosial şəbəkələrdən birində səhifəsinin yaranması şirkətin xidmətləri ilə tanış olmağa, xəbərləri izləməyə, xəbərlər və məqalələri şərh etməyə, fotoşəkillərə və videoya baxmağa imkan verəcək. Səhifə istifadəçilərə məhsulların istismarı ilə bağlı öz təcrübələri və xidmətləri barədə danışmağa, şirkətə isə biznesi genişləndirməyə və həyata keçirilməsi üçün yeni ideyalar təqdim etməyə imkan verəcək.
Delta Telecom şirkətinin simsiz WiMAX şəbəkəsi 2010-cu ilin yanvarında ticari istismara buraxılıb. Hazırda xidmətdən Bakı, Sumqayıt və Abşeron yarımadasında istifadə etmək olar. Optimallaşdırma işləri aparıldıqdan sonra isə şəbəkənin əhatə zonası regional səviyyədə genişləndiriləcək.
WiMAX texnologiyası üzrə internet şəbəkəsindən istifadənin qiyməti 10 manatla 100 manat arasında dəyişir. Mobile WiMAX şəbəkəsində məlumatların ötürülmə sürəti 2 Gbit/saniyəyə çatır. İstifadəçi qurğuları (WiMAX modemlər) bilavasitə şirkətdən əldə etmək olar.
WiMAX simsiz şəbəkənin yaradılması üçün 2,6 GHz tezlik resursundan istifadə edilib. Delta Telecom-un WiMAX şəbəkəsi 802.16e standartında, eləcə də Mobile WiMAX kimi məşhur olan və 100 km/saat sürətə qədər hərəkət edən nəqliyyat vasitələrində istifadə olunan mobil qurğular üçün nəzərdə tutulub.