Azərbaycan, Bakı, 9 fevral / Trend, müxbir H.Vəliyev /
Azərbaycan dünyada dördüncü nəsil (4G) şəbəkəsinin istismara veriləcəyi ilk ölkələrdən biri olacaq. Trend-in məlumatına görə, bu barədə "Azercell Telekom" şirkətinin prezidenti Əli Ağan bildirib.
Onun sözlərinə görə, dördüncü nəsil şəbəkəsinin istismara verilməsi tənzimləyici məsələlərin həllindən sonra mümkün olacaq.
Hazırda şirkət artıq 3G-yə keçidə tam hazırdır və yaxın vaxtlarda bu standart üzrə xidmətlərin göstərilməsinə dair lisenziyanın alınması gözlənilir.
3G-yə keçdikdən sonra 4G-nin istismara verilməsi üzrə işlərə başlanacaq.
Ümumilikdə, 2008-ci ildən başlayaraq, şirkətin həyata keçirdiyi böyük yatırımlar sayəsində şəbəkənin 3G-yə keçidi üzrə işlər görülüb.
"Şəbəkəmiz 2008-ci ildən üçüncü nəsil şəbəkəsinin kommersiya istismarına tam hazırdır. Biz təkcə Bakıda deyil, regional səviyyədə də 3G-nin istismarına hazırıq. Lisenziyalaşdırma prosedurları başa çatdıqdan sonra bir neçə saat ərzində 3G şəbəkəsini işə sala biləcəyik", - Ağan bildirib.
Hazırda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində "Azercell"in 3G standartında xidmət göstərmək üçün lisenziya verilməsinə dair sorğusuna baxılır. Onun yaxın vaxtlarda təqdim ediləcəyi gözlənilir.
Bu gün "Azercell" Azərbaycanın mobil rabitə bazarının 54,6 faizini tutur. Operatorun şəbəkəsini əhatə dairəsi 80 faiz təşkil edir. 2010-cu ilin yekunları üzrə abonentlərin sayı 4,2 milyonu ötüb. Son bir il ərzində şirkətin abonent bazası 300 min artıb.
Ötən il şirkət tərəfindən 170 baza stansiyası quraşdırılıb və onların sayı 1794 ədədə çatıb.
Azercell 406 rouminq-tərəfdaşla əməkdaşlıq edir.