...

Azərbaycan saytlara haker hücumuna cavab olaraq tədbirlər görəcək

Telekommunikasiya Materials 17 Yanvar 2012 16:19 (UTC +04:00)
Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə Azərbaycan saytlarına baş vermiş haker müdaxilələrinə münasibət bildirib.
Azərbaycan saytlara haker hücumuna cavab olaraq tədbirlər görəcək

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə Azərbaycan saytlarına baş vermiş haker müdaxilələrinə münasibət bildirib.

"Dünən, yanvarın 16-da Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin və Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Departamentinin serverlərində yerləşən müxtəlif qurumların saytlarına haker müdaxilələri baş verib. Bunun nəticəsində bir neçə dövlət orqanının və ictimai təşkilatın saytlarının işində problemlər yaranıb", - Vəlizadə deyib.

Nazir müavini qeyd edib ki, hadisə baş verən ilk andan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi aidiyyəti qurumlarla birlikdə vəziyyəti nəzarətə götürüb, təhlillərin aparılmasına və lazımi əlavə mühafizə tədbirlərinin görülməsinə başlanılıb.

"Müəyyən olunub ki, saytlara şəkillər və məlumatlar yerləşdirilərək müdaxilələr edilib. Müdaxilənin formaları, onlar barədə dərhal KİV-lərə elektron məktubların göndərilməsi, müxtəlif coğrafi məkanlardakı mənbələrdən həyata keçirilməsi bunun məqsədli xarakter daşıdığını göstərir. Lakin ölkədə internetin istifadəsinin təşkili, saytların yaradılması, onların mühafizəsinin təşkili üzrə görülmüş işlər sayəsində ciddi fəsadlar yaranmayıb. Hazırda müdaxilə olunmuş saytların fəaliyyəti bərpa edilmişdir və işlək vəziyyətdədir. Hakerlərin fəaliyyəti gündəlik olaraq müxtəlif ölkələrdə baş verir və biz belə halları pisləyir, onların hüquqazidd olduğunu bildirir, belə əməllərdən çəkinməyə çağırırıq", - o bildirib.

Vəlizadə deyib ki, hazırda baş vermiş faktın ətraflı araşdırılması aparılır və onlar əsasında beynəlxalq təcrübəyə əsasən müvafiq addımlar atılacaq. Görülmüş işlər barədə ictimaiyyət əlavə məlumatlandırılacaq.

Xəbər lenti

Xəbər lenti