...

Azərbaycan Rabitə Nazirliyi kibertəhlükələrə qarşı dayanıqlığı artırmaq üçün tədbirlər görür - nazir müavini

Telekommunikasiya Materials 9 Fevral 2012 15:33 (UTC +04:00)
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi informasiya resurslarının kibertəhlükələrə qarşı dayanıqlığının artırılması üçün bütün lazımi tədbirləri görür.
Azərbaycan Rabitə Nazirliyi kibertəhlükələrə qarşı dayanıqlığı artırmaq üçün tədbirlər görür - nazir müavini

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi informasiya resurslarının kibertəhlükələrə qarşı dayanıqlığının artırılması üçün bütün lazımi tədbirləri görür. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.

Onun sözlərinə görə, bir müddət əvvəl Azərbaycanın dövlət qurumlarının və ictimai internet-resurslarına edilən kiberhücumlar informasiya təhlükəsizliyi sahəsində aparılan işin yenidən nəzərdən keçirilməsini və bu sahədə səmərəli fəaliyyətin artırılması üçün zəruri addımların atılmasını gündəmə gətirən siqnaldır.

Haker hücumu yanvarın 16-da həyata keçirilib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin və Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Departamentinin serverlərində yerləşən müxtəlif qurumların, ictimai təşkilatların və KİV-in saytlarına haker müdaxilələri baş verib.

"İnformasiya təhlükəsizliyi problemi qlobal xarakter daşıyır və kompleks yanaşma tələb edir. Bu yanaşma çərçivəsində, ilk növbədə, təşkilati, hüquqi və texniki məsələlər həll edilməlidir. Bundan savayı, dövlət və özəl müəssisələrin, habelə sıravi istifadəçilərin texniki hazırlığı yüksək səviyyədə olmalıdır", - Vəlizadə qeyd edib.

Nazir müavininin sözlərinə görə, hazırda gündəlikdə İnformasiya Təhlükəsizliyi üzrə Milli Mərkəzin yaradılması məsələsi dayanır və mərkəz yaxın müddətdə işə salınacaq.

"Symantec" şirkətinin Qazaxıstan, Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə satış direktoru Aleksandr Yakuninin əvvəl Trend-ə dediyinə görə, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində "Symantec Security Information Manager" (SSIM) həlli tətbiq edilir. SSIM sistemi mənfi halların qarşısının alınmasına yönəldilmiş operativ qərarlar qəbul etmək imkanını təqdim etməklə şəbəkədə baş verən bütün prosesləri müşahidə etməyə, bütün baş verən hadisələri sənədləşdirməyə və onları bir neçə il ərzində saxlamağa imkan verir.

Mərkəzin vəzifələrinə şəbəkə infrastrukturlarının vəziyyətinin izlənilməsi, yeni təhlükələrin əmələ gəlməsi haqqında məlumatlandırma və onlara qarşı mübarizə tədbirləri, informasiya təhlükəsizliyinin pozulması halı ilə üzləşən təşkilatlara təcili kömək və s. daxildir.

Azərbaycanda həyata keçirilməsi planlaşdırılan layihə xüsusi xidmət orqanları, eləcə də izləmə və potensial təhlükələrə vaxtında reaksiya göstərilməsi şəbəkələri ilə birgə məlumatların işlənməsi mərkəzinin yaradılmasını nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti