...

Azərbaycanın poçt operatoru poçt göndərişlərinin təhlükəsizliyi ilə bağlı tədbirləri gücləndirir

Telekommunikasiya Materials 21 Aprel 2012 13:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın poçt rabitə operatoru "Azərpoçt" MMC poçt göndərişlərinin təhlükəsizliyinin təmin edilməsini gücləndirir. Bu barədə şənbə günü Trend-ə "Azərpoçt"dan bildiriblər.

Məlumata əsasən, MMC-nin Müşahidə Şurası tərəfindən işçi heyəti və istifadəçilərin təhlükəsiziliyinin təmin edilməsi üzrə tədbirlər, arzuolunmaz faktların qarşısını almaq üçün profilaktik tədbirlərin hazırlanması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə tədbirlər planı təsdiq edilib.

Poçt operatorunun əsas məqsədi qabaqcıl texnologiyalar əsasında poçt, maliyyə və kommersiya xidmətlərinin göstərilməsində təhlükəsizliyin təmin edilməsi üzrə məhsuldarlıq və səmərəlilik göstəricilərinin yaxşılaşdırılmasıdır.

Poçt operatorunun planına əsasən, yaxın vaxtlarda poçt göndərişlərinin təhlükəsizlyinin, onların işlənməsi və saxlanmasının tələblərə tam uyğun təmin edilməsi, əməliyyat və tərtibat zallarının izləmə sistemləri ilə təmin edilməsinin həyata keçirilməsi və poçt rabitəsinin şəbəkəsində fırıldıqçılıqla mübarizənin gücləndirilməsi və s. gözlənilir.

Azərbaycan MDB-də poçt göndərişlərinin təhlükəsizliyinə xüsusi diqqət ayıran ölkələrdən biridir. Poçt rabitəsinin şəbəkəsində göndərişin son təyinat məntəqəsinə çatdırılmasınadək çoxsəviyyəli nəzarət sistemindən istifadə edilir.

Ölkəyə aviareyslə daxil olan poçt göndərişi aeroportda, sonra isə poçt göndərişləri mərkəzində əsaslı nəzarətdən keçir. Poçt şəbəkəsində təhlükəsizlik məsələsinin aktuallığı nəzərə alınaraq, Azərbaycan poçtu nəzarətin gücləndirilməsi üzrə daha səmərəli tədbirlərin tətbiqi imkanlarını nəzərdən keçirəcək. İlk növbədə, söhbət yeni avadanlığın satın alınmasından, əlavə təlimatların hazırlanmasından və s. gedir.

Xəbər lenti

Xəbər lenti