Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir A.Axundov /
Hazırda Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən pensiya təyinatı üzrə əməliyyatların vahid mərkəzdən aparılmasını həyata keçirəcək proqram təminatının hazırlanması və tətbiqi ilə bağlı tədbirlər görülür. Bunu DSMF-nin geniş kollegiya iclasında Fondun sədri Səlim Müslümov bildirib.
Trend-in məlumatına görə, bu barədə Fondun çərşənbə axşamı yaydığı məlumatda deyilir.
Onun sözlərinə görə, hazırda Fond tərəfindən əhaliyə 20-yə yaxın interaktiv və informativ elektron xidmətlər təqdim olunur.
"Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiyaçılar və sığortaolunanlar üçün nəzərdə tutulan əsas xidmətlər elektronlaşdırılıb. Fond tərəfindən elektron sənəd mübadiləsinin daha da təkmilləşdirilməsi, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi nəticəsində idarəetmənin səmərəliliyinin artırılması istiqamətində tədbirlər qarşıdakı dövr ərzində davam etdiriləcək", - Müslümov bildirib.