...

Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatına ayrılan vaxtı azaldacaq

Telekommunikasiya Materials 28 Noyabr 2012 13:27 (UTC +04:00)
Azərbaycanda daşınmaz əmlakın qeydiyyata alınması prosesinin avtomatlaşdırılması bu prosesə ayrılan vaxtın azaldılmasına imkan yaradır.
Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatına ayrılan vaxtı azaldacaq

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanda daşınmaz əmlakın qeydiyyata alınması prosesinin avtomatlaşdırılması bu prosesə ayrılan vaxtın azaldılmasına imkan yaradır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatında deyilir.

Dövlət Komitəsi tərəfindən daşınmaz əmlaka dair hüquqların qeydiyyatı üçün qaydaların sadələşdirilməsi, bunun üçün tələb olunan müddətlərin azaldılması, daşınmaz əmlakın dövlət reyestrinin aparılması sahəsində yeni elektron xidmətlərin göstərilməsi, ərazi qeydiyyat idarələri tərəfindən göstərilən xidmətlərin tariflərinin təkmilləşdirilməsi barədə təkliflərin hazırlanması nəzərdə tutulub.

Bu tədbirlərin həyata keçirilməsinin başlıca məqsədi daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatının maksimum sadələşdirilməsi, əhalinin və biznesin bu xidmətlərə çıxışının asanlaşdırılması, prosesin daha şəffaf və effektiv olmasına şərait yaradılmasıdır.

Dövlət Komitəsi tərəfindən elektron xidmətlərin tətbiqi mayın 1-dən başlayıb. 2012-ci ilin may-oktyabr ayları ərzində 700-ə yaxın elektron müraciət daxil olub və icra olunub.

Hazırda hər bir vətəndaş daşınmaz əmlakını qeydiyyatdan keçirmək üçün ərazi qeydiyyat idarələrinə internet vasitəsi ilə onlayn müraciət edə bilər. Məhdudiyyət haqqında arayışların verilməsi və təkrar bazardan qayıdan əmlakların qeydiyyatı ilə bağlı müraciətlər elektron qaydada qəbul olunur.

Gələcəkdə isə ipotekanın qeydiyyatı, ləğvi, hüquqların tanınması kimi proseslərin də elektron formada aparılması nəzərdə tutulub.

Həmçinin yeniliklərdən biri daşınmaz əmlakın qeydiyyatı prosesində dövlət rüsumlarının ödənişi prosedurunun sadələşdirilməsi olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti