Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir H.Vəliyev/
"TuranBank" AzeriCard prosessinq mərkəzilə birgə öz müştərilərinə kredit ödənişlərini daha rahat və vaxt itirmədən həyata keçirmələri üçün Bankın rəsmi səhifəsində (www.turanbank.az) "Kreditlərin onlayn ödənişi" xidmətini təqdim edir. Trend-in məlumatına görə, bu barədə mərkəzin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.
Bu xidmət vasitəsi ilə istənilən VISA və MasterCard plastik kartları ilə ödənişlər etmək mümkündür. İnternet vasitəsi ilə krediti ödəmək üçün kart sahibi www.turanbank.az saytında "Kreditin onlayn ödənişi" bölməsinə daxil olub 13 rəqəmli Müştəri kodunu, təhlükəsizlik kodunu, həmçinin, ödəniş haqqında məlumatı sms vasitəsilə almaq istədiyi halda mobil telefon nömrəsini, elektron formada almaq istədiyi halda isə e-mail ünvanını daxil etməlidir. Növbəti səhifədə müştəri kredit hesablarının siyahısından ödəmək istədiyi krediti seçməli və daha sonra ödəyəcəyi məbləği daxil etməlidir (5000 AZN-dən çox olmamalı). Sonda müştəriyə ödənişinin qəbzini çap etmək imkanı verilir. Ödəniş haqda məlumat müştərinin seçimindən asılı olaraq onun həm mobil telefonuna, həm də elektron poçt ünvanına göndərilir. Saat 17:00-a kimi həyata keçirilən ödənişlər həmin gün, 17:00-dan sonra olan ödənişlər isə hesaba növbəti iş günü ərzində mədaxil olunur. Əməliyyat bankın qeyri-iş günlərində aparılırsa, vəsait növbəti iş günü ərzində hesaba daxil olunur.